Yaxın Şərqdə müharibə ANONSU
Yaxın Şərqdə yenidən genişmiqyaslı hərbi qarşıdurmaların baş verməsinin şahidi ola bilərik.
Belə ki, İsrail Livanın cənub ərazilərindən qoşunlarını geri çəkməyəcəyini bəyan edir. İsrail müdafiə naziri İsrael Katz jurnalistlərə açıqlamasında bildirib ki, İsrail Livanın mülki əhalisinin hazırda ordunun nəzarətində olan ərazilərə qayıtmasının qarşısını almaq niyyətindədir.
Məhz İsrail ABŞ tələb etsə belə, qoşunlarını Cənubi Livandan çıxarmaq niyyətində deyil.
Qeyd edək ki, 40 günlük müharibədən sonra İran hakimiyyəti ABŞ ilə danışıqlarda Livanda tam atəşkəs və İsrail qoşunlarının geri çəkilməsini tələb edir.
Tehran tələbinin yerinə yetirilməcəyi təqdirdə Hörmüz boğazını yenidən bağlayacağı barədə xəbərdarlıq edib. İsrail hakimiyyəti isə öz növbəsində bəyan edir ki, “Hizbullah” təhlükəsinin mövcud olduğu müddətdə Livandan qüvvələrini geri çəkməyəcək.
Məsələ ilə bağlı Yaxın Şərq üzrə ekspert Vüqar Zifəroğlu “Cebheinfo.az”-a şərhində qeyd edib ki, İsrailin Livandan qoşunlarını geri çəkməməkdə qərarlı olması ABŞ-İran danışıqlarına birbaşa təsir göstərir:

“İsrailin Livanın cənubundan geri çəkilməməsi hazırda təkcə İsrail-Livan münasibətlərinin deyil, həm də ABŞ-İran danışıqlarının gələcəyini müəyyənləşdirən əsas məsələlərdən birinə çevrilib.
Son açıqlamalar göstərir ki, İsrail rəhbərliyi təhlükəsizlik səbəblərini əsas gətirərək Livandakı hərbi mövcudluğunu davam etdirmək niyyətindədir və geri çəkilməni yaxın perspektivdə nəzərdən keçirmir.
Bu vəziyyət ABŞ-İran danışıqlarına birbaşa təsir göstərir. Tehran xeyli müddətdir bildirir ki, Livan cəbhəsində atəşkəsin və İsrail qoşunlarının çıxarılmasının təmin olunmaması ümumi razılaşmanın pozulması kimi qiymətləndirilə bilər.
İran rəsmiləri daha əvvəl Livandakı hərbi əməliyyatların davam etməsinin Vaşinqtonla danışıqları dayandırmaq üçün səbəb ola biləcəyini də bəyan etmişdilər.
Bununla yanaşı, ABŞ və İran arasında əldə olunmuş ilkin anlaşma hələ tam və yekun sülh sazişi deyil. Tərəflər arasında nüvə proqramı, sanksiyalar, regional təhlükəsizlik və İranın müttəfiq qüvvələri ilə bağlı ciddi fikir ayrılıqları qalır.
Livan məsələsi isə bu fikir ayrılıqlarının ən həssas hissəsinə çevrilib. Bir sıra məlumatlara görə, Livandakı vəziyyət səbəbindən bəzi danışıqlar mərhələləri təxirə salınıb və ya çətinləşib”.
Ekspert əlavə edib ki, regionda yalnız bu halda yenidən genişmiqyaslı hərbi münaqişə baş verə bilər:
“Hazırda ən real ssenari tammiqyaslı müharibədən daha çox aşağı intensivlikli qarşıdurmanın davam etməsidir. İsrail və “Hizbullah” arasında atəşkəs müəyyən dərəcədə qüvvədə qalsa da, sərhəd boyunca lokal toqquşmalar, hava zərbələri və təhlükəsizlik əməliyyatları davam edə bilər.
Lakin risk tam aradan qalxmayıb. Əgər İsrail Livandakı mövqelərini genişləndirərsə, “Hizbullah” yenidən raket hücumlarına başlasa və ya İran İsrailin Livandakı fəaliyyətini ABŞ-İran anlaşmasının pozulması kimi qiymətləndirərsə, bu regional böhrana çevrilə bilər.
Xüsusilə İran üçün “Hizbullah” regional təsir strategiyasının mühüm elementi olaraq qalır və Tehran Livan məsələsində geri addım atmayacağını bəyan edir”.
Yunis Abdullayev
“Cebheinfo.az”


