Dünyanın ən uzun sualtı tuneli

Dünyanın ən uzun sualtı tuneli

Çinin Bohai boğazında planlaşdırdığı nəhəng dəmir yolu tuneli layihəsi çərçivəsində Dalian və Yantai şəhərləri dəniz dibinin təxminən 90 kilometrlik hissəsinin qazılması ilə bir-birinə bağlanacaq.

"Cebheinfo.az" xəbər verir ki, Çinin şimal-şərqində yerləşən Dalian və Yantai şəhərlərini Bohai boğazının altından birləşdirməsi nəzərdə tutulan nəhəng dəmir yolu tuneli layihəsi gündəmdədir.

Hazırda iki şəhər arasındakı quru yolu təxminən 1 400 kilometr təşkil edir, dəniz keçidi isə bərələrdən asılı olaraq dəyişir.

Layihəyə əsasən, uzunluğu 120 kilometri keçən iki xətli tunelin inşası planlaşdırılır.Tunelin təxminən 90 kilometrlik hissəsinin dəniz dibinin altında yerləşməsi nəzərdə tutulur. Layihə tamamlandıqdan sonra dünyanın ən uzun sualtı tunellərindən biri olacaq.

Yüksək su təzyiqi və seysmik risklər layihəni texniki baxımdan mürəkkəbləşdirir. Buna baxmayaraq, tunelin Bohai bölgəsində logistikanı sürətləndirərək ticarət və nəqliyyat xərclərini əhəmiyyətli dərəcədə azaltması hədəflənir.

Hələ yekun qərar verilməyən layihə yüksək maliyyət və risklər səbəbindən müzakirələrə səbəb olur. Buna baxmayaraq, Çinin iri infrastruktur layihələrindəki təcrübəsi planın həyata keçirilməsi ehtimalını artırır. 

Nigar Hacılı 
"Cebheinfo.az"