Köçəryandan sonra Tsarukyanın da toxunulmazlığı ləğv edilə bilər

Köçəryandan sonra Tsarukyanın da toxunulmazlığı ləğv edilə bilər

Ermənistan Baş Prokurorluğu “Çiçəklənən Ermənistan” Partiyasının lideri, tanınmış oliqarx və deputat Qaqik Tsarukyan barəsində cinayət təqibi başlamaq üçün Mərkəzi Seçki Komissiyasına (MSK) vəsatət göndərib.

Bu barədə məlumatı Ermənistan Baş Prokurorluğunun mətbuat xidməti yayıb.

Prokurorluq vəsatətin konkret olaraq hansı cinayət işi və ya icraat çərçivəsində qaldırıldığını, həmçinin işin digər detallarını hələlik açıqlamır.

Qeyd edək ki, qanunvericiliyə əsasən, millət vəkili olan Tsarukyanın cinayət məsuliyyətinə cəlb edilməsi üçün onun deputat toxunulmazlığının ləğv olunması və MSK-nın rəsmi razılığı tələb olunur.

Xatırladaq ki, bundan öncə Ermənistan MSK Baş Prokurorluğun müraciətini təmin edərək ölkənin ikinci prezidenti, “Ermənistan” (“Hayastan”) blokunun lideri Robert Köçəryanın toxunulmazlığının ləğv edilməsinə razılıq vermişdi.

"Cebheinfo.az"