Kredit almaq daha da çətinləşəcək?
Bu il iyunun 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 635,4 milyon manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankın (AMB) məlumatına görə bu, mayın 1-i ilə müqayisədə 3,45 % çoxdur. Ölkədə problemli kreditlərin məbləği ilin əvvəlinə nisbətən 21,15 %, son 1 ildə isə 25 % artıb. Mayın sonuna vaxtı keçmiş kreditlərin ümumi kredit portfelində xüsusi çəkisi 1,9 % təşkil edib. Bu nisbət aprelin sonuna da 1,9 %, ötən ilin sonuna 1,6 %, ötən il mayın sonuna isə 1,7 % olub.
Vaxtı keçmiş kreditlərin artması banklaırn kredit şərtlərini daha da çətinləşdirməsinə səbəb ola bilərmi?
Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında iqtisadçı-ekspert Xalid Kərimli bildirib ki, problemli kreditlərin artması əsasən kreditləşmənin həcminin artması ilə bağlıdır:

“Bu göstəricini qiymətləndirərkən yalnız mütləq rəqəmlərə deyil, nisbi çəkiyə də diqqət yetirmək lazımdır. Yəni problemli kreditlərin ümumi kredit portfelindəki payına baxmaq daha doğru yanaşmadır. Məsələn, 31 may 2026-cı il tarixinə problemli kreditlərin payı 2,9 faiz olub.
Bu göstərici 30 aprel 2026-cı ildə 2,8 faiz, 31 mart 2026-cı ildə isə 2,9 faiz təşkil edib. Göründüyü kimi, göstərici son aylarda 2-3 faiz aralığında dəyişir. Müqayisə üçün qeyd edim ki, 2022-ci ilin əvvəlində bu rəqəm 3,8 faiz olub.
2023-cü ilin sonunda 2,6 faiz, 2024-cü ilin sonunda 2,4 faiz, 2025-ci ilin sonunda isə 2,5 faiz təşkil edib. Bu il isə göstərici 2,9 faizdir. 2021-ci ildə problemli kreditlərin payı 4,5 faiz, 2015-2016-cı illərdə isə 12-13 faiz səviyyəsində olub. Yəni son illərlə müqayisədə vəziyyət kifayət qədər yaxşıdır və narahatlıq doğuran məqam görünmür.
Hər il kreditlərin həcmi artır. Buna görə də problemli kreditlərin mütləq məbləğində müəyyən artımın olması təbiidir. Kredit verilərkən ödənişlər gələcəyə hesablanır. Bu müddətdə vətəndaşın və ya şirkətin maliyyə vəziyyəti qəfil pisləşə bilər ki, bu da problemli kreditlərin yaranmasına səbəb olur”.
Onun sözlərinə görə, hazırkı göstəricilər Mərkəzi Bank üçün qənaətbəxş hesab olunur:
“Bunlar son illərin ən yaxşı nəticələri sırasındadır. Buna görə də problemli kreditlərlə bağlı ciddi risk görmürəm və hesab etmirəm ki, yaxın dövrdə kredit şərtlərinin daha da sərtləşdirilməsinə ehtiyac yaransın.
Onsuz da kredit şərtləri kifayət qədər sərtdir və Mərkəzi Bankın müəyyən etdiyi qaydalar son illərdə əhəmiyyətli dərəcədə sərtləşdirilib. Banklar öz növbəsində müştərilərini, şirkətləri və fərdi borcalanları qiymətləndirərək risklərini idarə edirlər.
Mərkəzi Bank isə ümumi qaydaları müəyyənləşdirir. Hazırda qüvvədə olan qaydalara görə, vətəndaşın aylıq kredit ödənişləri onun rəsmi aylıq gəlirinin 45 faizindən çox olmamalıdır. Bu kifayət qədər sərt tələb hesab edilir”.
Ekspert qeyd edib ki, ötən il kredit kartları üzrə də məhdudiyyət tətbiq edildi:
“Belə ki, vətəndaşa ayrılan kredit xətti onun rəsmi gəlirinin 5 mislindən artıq ola bilməz. Bu da risklərin azaldılmasına yönəlmiş sərt addımlardan biridir.Ümumilikdə vəziyyət normaldır. Nəzərə almaq lazımdır ki, bankların kredit portfeli artır. Bu da rəqəmlərə təsir göstərir.
Problemli kreditlərin mövcud səviyyəsi bank sektorunun sabitliyinə təhlükə yaratmır və hazırkı göstəricilər kredit bazarında vəziyyətin nəzarət altında olduğunu göstərir”.
Gülər Həsənli
“Cebheinfo.az”


