Azərbaycan və Avropa İttifaqı ikitərəfli gündəliyi müzakirə edib
Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono ilə görüşüb.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüş zamanı Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında münasibətlərin cari vəziyyəti və inkişaf perspektivləri, habelə regional gündəlikdə duran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Tərəflər mövcud siyasi dialoqun, yüksək səviyyəli qarşılıqlı səfərlərin və intensiv təmasların Azərbaycan-Aİ münasibətlərinin inkişafına mühüm töhfə verdiyini vurğulayıblar. Bu çərçivədə, Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın cari ildə Azərbaycana həyata keçirdiyi səfərin qarşılıqlı anlaşmanın dərinləşdirilməsi və əməkdaşlıq gündəliyinin irəli aparılması baxımından əhəmiyyəti qeyd olunub.
Azərbaycan və Aİ arasında siyasi, iqtisadi, enerji, nəqliyyat-kommunikasiya və digər sahələr üzrə əməkdaşlığın cari vəziyyəti, habelə əldə edilmiş razılıqlar nəzərdən keçirilib.
Nazir müavini Elnur Məmmədov Azərbaycan-Ermənistan normallaşma prosesi və sülh gündəliyi üzrə son inkişaflar barədə qarşı tərəfi məlumatlandırıb. Sülh prosesinin yekunlaşdırılması üçün mövcud imkanlardan istifadə edilməsinin, öhdəliklərin vaxtında yerinə yetirilməsinin və qarşılıqlı etimadın gücləndirilməsinin vacibliyi qeyd olunub.
Tərəflər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın, o cümlədən Azərbaycan ilə Avropa İttifaqı arasında qarşılıqlı maraq doğuran məsələlər üzrə dialoq və məsləhətləşmələrin davam etdirilməsinin vacibliyini vurğulayıblar.
Görüş zamanı, həmçinin regional və beynəlxalq gündəlikdə yer alan digər aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
"Cebheinfo.az"


