Uşaqlar üçün ucuz düşərgə niyə YOXDUR?
Yay mövsümünün gəlişi ilə uşaqlar üçün təşkil olunan düşərgələrə maraq yenidən artır.
Valideynlər övladlarının tətil günlərini telefon və kompüter qarşısında deyil, faydalı fəaliyyətlərlə keçirməsini istəsələr də, qarşılarına çıxan qiymətlər çoxlarını seçim qarşısında qoyur.
Bu il yay düşərgələrinin qiymətləri əvvəlki illərlə müqayisədə daha yüksəkdir. Bəzi proqramlarda bir neçə günlük və ya həftəlik iştirak üçün tələb olunan məbləğ 1 500 manata qədər yüksəlir. Nəticədə yay düşərgələri bir çox ailələr üçün arzulanan, lakin əlçatmaz xidmətə çevrilib.
Məhz bu səbəbdən cəmiyyətdə uşaqlar üçün daha əlçatan istirahət imkanlarının yaradılması məsələsi yenidən gündəmə gəlir. Bu sahədə yalnız özəl sektorun deyil, bələdiyyələrin, qeyri-hökumət təşkilatlarının və digər ictimai qurumların da fəallığına ehtiyac var.
Çünki sosial yönümlü yay düşərgələrinin təşkili minlərlə uşağın yay tətilini səmərəli keçirməsinə, yeni dostlar qazanmasına və müxtəlif bacarıqlar əldə etməsinə şərait yarada bilər.
Uşaqların daha əlçatan istirahət imkanları əldə etməsi üçün bələdiyyələr və QHT-lər yay düşərgələri təşkil edə bilərmi?
Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova bildirib ki, belə təklifləri müsbət qarşılayıram:
"Xüsusilə həssas qrupdan olan uşaqlar üçün yay düşərgələri olduqca əhəmiyyətli bir reabilitasiya prosesidir. Bəzən “Sea Breeze” tərəfindən bir günlük xeyriyyə tədbirləri keçirilir, biz də bu tədbirlərə dəvət olunuruq. Bu təşəbbüslər faydalıdır.
Düşünürəm ki, uşaqlar üçün daha uzunmüddətli proqramların təşkili daha böyük nəticə verə bilər. Uşağın müəyyən müddətə gündəlik mühitindən çıxaraq fərqli bir məkanda olması, yeni dostlar qazanması, kollektiv fəaliyyətlərə qoşulması, əyləncə və ya təlim xarakterli proqramlarda iştirak etməsi onun psixoloji vəziyyətinə və sosial bacarıqlarına müsbət təsir göstərir.
Bu, xüsusilə müxtəlif çətinliklərlə üzləşən uşaqların neqativ emosiyalardan uzaqlaşmasına, özünəinamının artmasına və cəmiyyətə inteqrasiyasına kömək edir".
O qeyd edib ki, bələdiyyə və QHT yay düşərgələri yaratması yaxşı təşəbbüsdür:
"Amma reallıq ondan ibarətdir ki, bələdiyyələrin də bununla bağlı genişmiqyaslı fəaliyyət göstərə biləcək büdcəsi yoxdur. Eyni zamanda qeyri-hökumət təşkilatları da əsasən qrant layihələri çərçivəsində çalışırlar və onların imkanları da maliyyə resurslarından asılıdır.
Əgər bu istiqamətdə layihələr həyata keçirilsə, sığınacaqlar və sosial xidmət müəssisələri də prosesdə fəal iştirak edə bilərlər.Hazırda bəzi sığınacaqlar öz imkanları daxilində belə təşəbbüslər reallaşdırır, lakin hamısının buna şəraiti yoxdur.
Ona görə də burada əsas məsələ ehtiyacın olub-olmaması deyil, resurs və imkan məsələsidir. Hesab edirəm ki, yay düşərgələri və digər istirahət proqramları uşaqlar üçün çox əhəmiyyətli fəaliyyətdir və onların, xüsusilə də həssas qruplardan olan uşaqların bu imkanlara daha əlçatan çıxışının təmin edilməsi vacibdir".
Gülər Həsənli
"Cebheinfo.az"


