Logistikada inqilab: Gələcəkdə yalnız kuryerlər deyil...
Süni intellekt və robot texnologiyalarının sürətli inkişafı logistika sektorunda ciddi dəyişikliklərə səbəb olur.
Bu proses milyonlarla əməkdaşın gələcək məşğulluğu ilə bağlı narahatlıqları da artırır.
"Cebheinfo.az" xarici mediaya istinadən xəbər verir ki, Çinin ən böyük elektron ticarət şirkətlərindən biri olan “JD.com”un təsisçisi Riçard Liu gələcəkdə bağlama çatdırılmasının robotlar vasitəsilə həyata keçiriləcəyini bildirib.
Onun sözlərinə görə, logistika sahəsində avtomatlaşdırmanın genişlənməsi qaçılmazdır.Liu bu fikirləri APEC CEO Forumunda çıxışı zamanı səsləndirib. Dünyanın ən böyük logistika şəbəkələrindən birinə malik olan “JD.com”un planları sektorun gələcək inkişaf istiqamətləri barədə mühüm siqnallar verir.
Hazırda şirkətdə təxminən 700 min çatdırılma əməkdaşı çalışır. Liu texnoloji transformasiyanın qarşısının alınmasının mümkün olmadığını qeyd etsə də, əməkdaşların işsiz qalmasını istəmədiyini vurğulayıb.
Bu məqsədlə “JD.com” işçilərin yeni peşələrə yiyələnməsi üçün tədbirlər görür. Şirkət artıq 120-yə yaxın təhsil müəssisəsi ilə əməkdaşlıq müqaviləsi bağlayıb.
Hazırlanan təlim proqramları çərçivəsində kuryerlərin robotların texniki xidməti, təmiri və istismarı kimi sahələrdə ixtisaslaşması nəzərdə tutulur.
Beləliklə, avtomatlaşdırmanın yaratdığı yeni iş yerlərində hazırkı əməkdaşların da məşğulluğunun təmin edilməsi planlaşdırılır.
Riçard Liu robotların çatdırılma prosesində tam şəkildə nə vaxt tətbiq olunacağı ilə bağlı konkret tarix açıqlamayıb.
Bununla belə, onun bəyanatı insan əməyinə əsaslanan çatdırılma sistemlərinin tədricən avtomatlaşdırılmış həllərlə əvəz olunacağını göstərir.
Mütəxəssislərin fikrincə, Çin və ABŞ-də sürətlənən bu proses zamanla digər ölkələrə də yayılacaq.Gələcəkdə yalnız kuryerlər deyil, bir çox peşə sahibləri də süni intellekt və robot texnologiyalarının yaratdığı yeni əmək bazarına uyğunlaşmalı olacaqlar.
Gülər
"Cebheinfo.az"


