Dünyada böyük zəlzələ gözlənilir?

Dünyada böyük zəlzələ gözlənilir?

Dünyanın müxtəlif bölgələrində qeydə alınan silsilə zəlzələlər narahatlıq doğurub.

“Cebheinfo.az” xəbər verir ki, Venesuelada cəmi 39 saniyə fasilə ilə baş verən 7,5 və 7,2 bal gücündə iki zəlzələ genişmiqyaslı dağıntılara səbəb olub və ölkədə fövqəladə vəziyyət elan edilib.

İlkin məlumatlara görə, Cənubi Amerika ölkəsi son illərin ən güclü seysmik fəlakətlərindən biri ilə üzləşib. Çoxsaylı binaların dağıldığı, xeyli sayda insanın isə dağıntılar altında qaldığı ehtimal olunur. Axtarış-xilasetmə qrupları hadisə bölgəsində fasiləsiz fəaliyyət göstərir.

Zəlzələlərdən sonra Venesuela hökuməti fövqəladə vəziyyət elan edib. Genişmiqyaslı infrastruktur ziyanı səbəbindən beynəlxalq hava limanlarında bütün uçuşlar növbəti xəbərdarlığadək dayandırılıb. Hakimiyyət orqanları vətəndaşları təkrar təkanlara qarşı ehtiyatlı olmağa çağırıb.

Qlobal seysmik aktivliyin müşahidə olunduğu digər ölkə Yaponiya olub. Səhər saatlarında Honşu adasının şimalında yerləşən İvate prefekturası sahillərində 6,9 bal gücündə zəlzələ baş verib.

Təxminən 51 kilometr dərinlikdə qeydə alınan zəlzələdən sonra yayılan ilkin məlumatlara əsasən, sunami təhlükəsi elan olunmayıb. Hazırda bölgədə dəymiş ziyanın qiymətləndirilməsi və infrastrukturun yoxlanılması işləri davam etdirilir.

Seysmoloji mərkəzlərin məlumatına görə, dünyanın zəlzələ və vulkanik fəaliyyət baxımından ən aktiv zonası sayılan Sakit Okean Alov Halqasında son saatlarda seysmik aktivlik nəzərəçarpacaq dərəcədə artıb. Müxtəlif bölgələrdə ən azı beş orta və güclü zəlzələ qeydə alınıb.

Qlobal seysmik aktivliyin artdığı bir vaxtda Türkiyə də Aralıq dənizində baş verən zəlzələdən təsirlənib. Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumatına görə, iyunun 24-də Muğlanın Datça rayonundan təxminən 189 kilometr aralıda, 8,39 kilometr dərinlikdə 4,9 bal gücündə zəlzələ baş verib.

Ətraf vilayətlərdə də hiss olunan zəlzələ qısamüddətli təşvişə səbəb olsa da, səlahiyyətli qurumlar hər hansı insan tələfatı və ya maddi ziyanın qeydə alınmadığını açıqlayıblar.

Əfsanə Rəcəb
"Cebheinfo.az"