Xamenei ABŞ ilə razılaşmanı təsdiqlədi - “Fərqli fikirdə idim, amma...”

Xamenei ABŞ ilə razılaşmanı təsdiqlədi - “Fərqli fikirdə idim, amma...”

İranın Ali Rəhbəri Ayətullah Müctəba Xamenei ABŞ ilə müvəqqəti anlaşma memorandumunun bağlanmasına rəsmi olaraq icazə verdiyini təsdiqləyib.

Bu barədə məlumat Ali Rəhbərin mətbuat xidmətinin yaydığı bəyanatda yer alıb.

M. Xamenei müraciətində bu addımı ölkə rəhbərliyinin təkidindən sonra atdığını etiraf edib:

“Mənim fərqli fikirdə olmağıma baxmayaraq, hörmətli Prezident (Məsud Pezeşkian) Milli Təhlükəsizlik Ali Şurasının sədri kimi, eləcə də digər rəsmi şəxslər məsuliyyəti üzərlərinə götürərək İranın və müqavimət cəbhəsinin hüquqlarını qoruyacaqlarına dair mənə söz verdilər. Məhz buna görə də memoranduma imza atılmasına icazə verdim. Əgər ABŞ tərəfi həddindən artıq tələblər irəli sürməyə cəhd edərsə, prezident Pezeşkian bununla heç bir halda razılaşmayacaq”.

Xatırladaq ki, iyunun 17-də ABŞ və İran arasında imzalanan müvəqqəti anlaşma memorandumu tərəflər arasında hərbi əməliyyatların 60 gün müddətinə dayandırılmasını nəzərdə tutur. Sənədə əsasən, Hörmüz boğazında gəmilərin təhlükəsiz hərəkəti bərpa olunmalı, Vaşinqton İran limanlarının dəniz blokadasını qaldırmalı və tərəflər arasında yeni danışıqlar raunduna start verilməlidir.

“Axios” nəşri də qeyd edir ki, sözügedən sənəd distant formada tərtib edilib və elektron imzalanmadan dərhal sonra qüvvəyə minib.

"Cebheinfo.az"