Parlamentdə Elgünün qətlindən danışıldı: "Normal insan belə hadisə törədə bilməz"

Mayın 12-si axşam saatlarında Gəncədə 18 yaşlı Elgün İbrahimov küçədə döyülüb.
Bir neçə gün öncə mətbuata açıqlama verən mərhumun dayısı Rövşən Zeynalov Elgünün döyülərək tanınmaz hala salındığını deyib. Onu peşə məktəbinin mühafizəçisi tapıb. Ağır vəziyyətdə xəstəxanaya aparılıb və ertəsi gün dünyasını dəyişib.
Anası bildirib ki, Elgün nə dalaşqan, nə pis iş tutan uşaq olub, həm oxuyurdu, həm işləyirdi:
"Repetitor yanında hazırlıqlarından başqa o bazar günləri restoranda ofisiant işləyirdi. İmtahanına 15 gün qalmışdı, istəmirdim dərslərindən yayınsın, gecə yorğun gəlib yatdı, ertəsi gün informatika hazırlığına hazırlaşdı, öpüb yola saldıq, axırıncı dəfə elə o hazırlıqda olub. Danışdım, dedi son zəng hazırlığına gedirəm. Ondan sonra neçə dəfə yığsam da, zəng çatmadı Elgünə".
Qətlə yetirilən 18 yaşlı gənc Gəncə şəhərində yerləşən 34 saylı məktəbin 11-ci sinif şagirdi imiş. O, bir neçə gün öncə buraxılış imtahanında yüksək nəticə göstərib.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işinin ibtidai istintaqı aparılır.
Cinayət əməlini törətmiş şəxsin və ya şəxslərin müəyyən edilərək istintaqa cəlb olunması istiqamətində daxili işlər orqanları ilə birgə zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Elgünün qətli Milli Məclisin bu gün keçirilən iclasında da gündəmə gəlib. Parlamentdə Gəncəni təmsil edən deputat Naqif Həmzəyev deyib ki, cinayətkəar cəzasız qalmayacaq:
“Çox təəssüf edirəm ki, belə amansız hadisə baş verib. Əminəm ki, Azərbaycan polisi və güc orqanları cinayəti törətmiş şəxs və ya şəxsləri mütləq tapacaq. Cinayətkarlar cəzasız qalmayacaq. Qanun qarşısında cavab verəcək. Elgünün ailəsinə və yaxınlarına başsağlığı verirəm. Normal insan belə hadisə törədə bilməz. Tezliklə cinayətin səbəb və təfərrüatlarını öyrənəcəyimizə ümid edirik.
Cəmiyyətimizdə belə ağır və ağılasığmaz cinayətlərin baş verməməsi üçün daha çox işləməliyik. Təhsil müəssisələri, valideynlər, aidiyyəti qurumlar səfərbər olmalı, uşaqlarımızın, yeniyetmələrin, gənclərin tərbiyəsinə daha çox yatırım etməlidir. Uşaqların ən həssas dönəmlərində onları qətiyyən tək qoymaq olmaz. Kaş, bu hadisə baş verməzdi. Bir gəncin, bir ailənin ümidləri puç olmazdı”. (modern)
"Cebheinfo.az"