Dil bilmək insanı gənc SAXLAYIR

Dil bilmək insanı gənc SAXLAYIR

Bir neçə dil bilmək beynin qocalma prosesini əhəmiyyətli dərəcədə ləngidir.

Bunu Barselonada keçirilən Avropa Neyroelm Cəmiyyətləri Federasiyasının konqresində təqdim olunan yeni araşdırma göstərib. 

"Cebheinfo.az" xarici mediaya istinadən xəbər verir ki, alimlərin qənaətinə görə, insanın bildiyi dillərin sayı artdıqca və həmin dillər nə qədər erkən yaşlarda öyrənilərsə, beynin gənc qalma ehtimalı da bir o qədər yüksəlir.

İspaniya, Çili, Argentina və İrlandiyadan olan alimlərin birgə apardıqları tədqiqat çərçivəsində çoxdilliliyin geniş yayıldığı Bask bölgəsində yaşayan 728 nəfərin beyin fəaliyyəti araşdırılıb.

Süni intellekt texnologiyalarından istifadə olunmaqla aparılan təhlillər nəticəsində müəyyən edilib ki, iki dil bilən şəxslərin beyni yalnız bir dildə danışan insanlarla müqayisədə orta hesabla 6 il daha gənc görünür.

Araşdırmaya əsasən, üç dil bilənlərdə bu fərq 7 ilə çatır. Dörd və ya daha çox dil bilən şəxslərin beyni isə yaşıdları ilə müqayisədə təxminən 13 il daha gənc xüsusiyyətlər nümayiş etdirir.

Mütəxəssislərin sözlərinə görə, yaş artdıqca, beyindəki milyardlarla sinir hüceyrəsi arasındakı əlaqələr zəifləyir. Bu isə yaddaşın zəifləməsinə və düşünmə sürətinin azalmasına səbəb olur. 

Dil öyrənmək prosesi isə həmin sinir əlaqələrinin qorunmasına kömək edir, beynin dayanıqlığını artırır və idrak funksiyalarının daha uzun müddət sağlam qalmasına dəstək verir.

Gülər 
"Cebheinfo.az"