“DRAM” çiplərinə tələbat sürətlə artır
Süni intellekt texnologiyalarının sürətlə inkişafı yaddaş çiplərinə (“DRAM”) tələbatı kəskin artırıb.
"Cebheinfo.az" xarici mediaya istinadən xəbər verir ki, bu isə qlobal bazarda “DRAM” qiymətlərinin rekord səviyyədə bahalaşmasına səbəb olub.
Sektor üzrə aparılan təhlillər göstərir ki, artan istehsal xərcləri səbəbindən hazırda təxminən 220 ABŞ dolları qiymətində satılan giriş səviyyəli smartfonlar yaxın illərdə bazardan demək olar ki, tamamilə yox ola bilər.
Belə ki, süni intellekt platformalarının artan yaddaş tələbatı smartfon istehsalçılarını çətin vəziyyətə salacaq yeni mərhələnin başlanğıcından xəbər verir.
Məlumata görə, 2026-cı ilin sonuna qədər dünyada istehsal olunan “DRAM” çiplərinin 50 faizdən çoxu süni intellekt məlumat mərkəzlərinə yönəldiləcək, yaxın dövrdə isə bu göstəricinin 60 faizi keçəcəyi gözlənilir.
“DRAM” çiplərinin qiymətləri 2022-ci ildən bəri təxminən 700 faiz artıb. Qlobal istehsalın 90 faizi “Samsung, SK hynix” və “Micron” şirkətlərinin payına düşür.
Yaddaş çiplərinin bahalaşması Android istehsalçıları ilə yanaşı, “Apple”-a da təsir edir.
Bildirilir ki, şirkətlərin əsas prioriteti artıq aşağı qiymət əldə etmək deyil, kifayət qədər “DRAM” tədarükünü təmin etməkdir.
Mütəxəssislərin fikrincə, yaddaş və saxlama komponentlərinin dəyəri gələcəkdə smartfonun istehsal xərclərinin 60 faizini təşkil edə bilər. Bu isə istehsalçıları qiymətləri artırmağa məcbur edəcək.
Nəticədə giriş səviyyəli smartfonlar ya xeyli bahalaşacaq, ya da bazarı daha bahalı modellərə verəcək.
Bununla yanaşı, “IDC” tədqiqat şirkəti smartfon tədarüklərinin 2013-cü ildən bəri ən aşağı səviyyəyə enəcəyini, kompüter bazarında da tədarüklərin azalacağını proqnozlaşdırır.
Gülər
"Cebheinfo.az"

