Müəllimlər kütləvi şəkildə işsiz qalacaq?

Müəllimlər kütləvi şəkildə işsiz qalacaq?

Ölkənin ümumtəhsil məktəblərində 2022/2023-cü tədris ilində ümumilikdə 151 634 müəllim fəaliyyət göstərirdisə, 2023/2024-cü ildə bu göstərici 150 868 nəfərə düşüb. 

2024/2025-ci tədris ilinin əvvəlində isə müəllimlərin sayı daha da azalaraq 146 381 nəfər olub. 2025-2026-cı tədris ilində müəllim heyəti 130 mindən çox olub. Bu gün bir sıra bölgələrdə müəllim çatışmazlığı var, eyni zamanda sertifikasiyanın nəticələrinə əsasən 9 mindən artıq müəllimin işinə xitam verilib. 

Mövcud göstəriciyə əsasən, müəllimlərin sayındakı azalma müəllim-sagird nisbətinin pozulmasına gətirib çıxaracaqmı? 

Məsələ ilə bağlı təhsil üzrə ekspert Məzahir Məmmədli “Cebheinfo.az”-a bildirib ki, elm və təhsil naziri Emin Əmrullayev mətbuat konfranslarının birində bu məsələyə toxunaraq “Biz keyfiyyətli müəllimlər axtarışındayıq”,- deyib: 

“Yəni həm sertifikasiya, həm MİQ imtahanının şərtləri, qaydaları ona görə tətbiq olunur ki, bu gün tədrislə məşğul olan müəllimlər keyfiyyətli, bilikli,savadlı, bacarıqlı  olsunlar. Ona görə də müəllimlərin sayının azalması həm də məktəblərin optimallaşması ilə əlaqədardır. 

Digər tərəfdən, sertifikasiyadan sonra 9 mindən artıq müəllim kənarda qalıb. Bütün bunların hamısını nəzərə alanda, artıq 1 milyon 700 minə yaxın şagird sayı üçün təxminən onları əhatə edə biləcək qədər müəlllimlərin sayı təmin olunub”. 

Ümumilikdə azalmanın gələcək üçün problem yaratmasına gəldikdə isə artıq bu problem bölgələrdə var: 

“Ucqar kəndlərə tədris saatı az olan fənnlərə müəllimlər getmir. Çünki bir 9 illik məktəbdə 3 sinif komplekti var ki, kimya, biologiya, coğrafiya tədris olunur və orada 8-9 saatı əhatə edən dərs saatına 1 müəllimin alacağı 500 manat məvacib yetərli deyil. 

Ona görə də bu kimi məsələlərin qarşısını almaq üçün məktəblərin optimallaşması, bəzi uyğun olmayan yerlərdə isə onlayn tədrisin təşkili ilə bağlı növbəti il üçün tədbirlər planı hazırlanıb. 

Ancaq bütün hallarda bu, kütləvi işsizliyə aparan bir məsələdir. Əmək bazarında ən stabil, sabit iş yeri olan müəllimlər idi, artıq onlar üçün də müəyyən problemlər yaşanır. Bu, artıq digər sosial problemlərdən xəbər verir. 

Düşünürük ki, işsizlərin sayının azalması üçün Dövlət Proqramı tərtib olunmalı, pedaqoji ixtisaslara qəbul sayı azaldılmalıdır. Çünki əmək bazarında hər il 60-70 min müraciətə qarşı 3-4 min vakansiya var. Ona görə də bu barədə düşünülməlidir”. 

Nigar Abdullayeva 
“Cebheinfo.az”