Qızılı ucuzlaşdıran Məhərrəmlik deyil

Qızılı ucuzlaşdıran Məhərrəmlik deyil

Azərbaycanda Məhərrəmlik ayının başlaması ilə toy və nişan mərasimlərinin əksəriyyəti təxirə salınır. 

Bu isə ənənəvi olaraq toy mövsümündə yüksək satış dövriyyəsi olan qızıl bazarına da təsirsiz ötüşmür. Toy alış-verişinin zəiflədiyi bu dövrdə zərgərlik mağazalarında alıcı sayının azalması, satışların həcmi və qiymətlərin dinamikası yenidən diqqət mərkəzinə gəlir. 

Məhərrəmlik ayında toyların keçirilməməsi qızıl bazarında satışlara necə təsir göstərib? 

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında “Azərbaycan Zərgərlər Assosiasiyası" İctimai Birliyinin İdarə Heyəti sədrinin müavini, "Qiymətli metallar və qiymətli daşlar" üzrə Texniki Komitənin sədri Rövşən Əmircanov bildirib, Məhərrəmlik ayında toy və nişan mərasimlərinin sayının azalması zərgərlik bazarında mövsümi tələbin zəifləməsinə səbəb olur: 

“Xüsusilə toy üçün nəzərdə tutulan qızıl dəstlərə və yüksək dəyərli məmulatlara tələbat azalır. Nəticədə mağazalara müraciət edən alıcıların sayı, satış həcmi və müəssisələrin dövriyyəsi müəyyən müddət ərzində aşağı düşür. 

Bu dövrdə istehlakçı davranışında da dəyişiklik müşahidə olunur. Alıcılar iri və bahalı dəstlər əvəzinə daha yüngül, münasib qiymətli və likvidliyi yüksək olan məmulatlara üstünlük verə bilirlər. 

Bununla yanaşı, satışların azalması müəssisələrdə mal ehtiyatlarının dövriyyə sürətini zəiflədir və satıcıları endirimlərdən, kampaniyalardan və digər satış təşviqi vasitələrindən istifadə etməyə sövq edə bilər”. 

Onun sözlərinə görə, lakin daxili bazarda tələbin mövsümi azalması qızılın baza qiymətinə ciddi təsir göstərmir: 

“Qızılın qiyməti əsasən beynəlxalq bazarlardakı qiymət göstəriciləri, ABŞ dollarının məzənnəsi, faiz dərəcələri, inflyasiya gözləntiləri, geosiyasi risklər, investorların və mərkəzi bankların tələbi kimi makroiqtisadi amillər əsasında formalaşır.

Beynəlxalq bazarda LBMA Gold Price qızıl üzrə əsas qlobal qiymət göstəricilərindən biri hesab olunur”. O qeyd edib ki, yerli pərakəndə satış qiymətinə isə beynəlxalq qızıl qiyməti ilə yanaşı, məmulatın əyarı və çəkisi, istehsal və emal xərcləri, dizayn və işçilik haqqı, idxal və logistika xərcləri, eləcə də satıcının kommersiya marjası təsir göstərir: 

“Buna görə də Məhərrəmlik dövründə əsas dəyişiklik qiymətlərdən daha çox satış həcmində və bazar dövriyyəsində müşahidə olunur. Qiymətlərdə müəyyən endirimlərin tətbiqi və satıcı marjasının azalması mümkün olsa da, ümumi qiymət meyilini əsasən dünya qızıl bazarında baş verən proseslər müəyyən edir”.

Gülər Həsənli 
“Cebheinfo.az”