Rusiya azərbaycanlıların “çörək qapısı”nı BAĞLAYIR
Bu həftə Rusiya Dövlət Duması miqrasiya siyasətinin sərtləşdirilməsini nəzərdə tutan qanun layihələri paketinin müzakirəsini davam etdirəcək.
Spiker Vyaçeslav Volodin bildirib ki, yeni dəyişikliklərə əsasən, ölkədən deportasiya ilə nəticələnə biləcək inzibati pozuntuların siyahısı genişləndiriləcək. Hazırda belə pozuntuların sayı 22-dir. Dəyişikliklər qəbul olunarsa, bu rəqəm 45-ə çata bilər.
Yeni əsaslar sırasında cinsə, irqə, milliyyətə və dinə görə ayrı-seçkilik, həmçinin dövlət sərhədinin mühafizəsi zamanı hərbçilərin qanuni tələblərinə tabe olmamaq da yer alır. Volodin bildirib ki, məqsəd ictimai təhlükəsizliyi gücləndirmək və miqrasiya sahəsində nizam-intizamı artırmaqdır.
Deputatlar, həmçinin əmək miqrasiyasının tənzimlənməsi ilə bağlı qanun layihələrini də qəbul etməyi planlaşdırırlar. Maraqlıdır, bu qadağalar azərbaycanlıların Rusiyadakı “çörək qapısı”nı bağlayacaq?
İqtisadçı Natiq Cəfərli “Cebheinfo.az”a bildirib ki, Rusiyada miqrasiya haqqında qanunvericiliyin sərtləşdirilməsinin daha çox siyasi səbəbləri var:
“Çünki Ukrayna müharibəsinin uzanması Rusiya daxilində çox ciddi narazılıqlar yaradır və bu narazılıqların yönləndirilməsi, daxili düşmən obrazının yaradılması üçün miqrantlardan istifadə olunur.
Ümumiyyətlə, miqrasiya siyasətinin sərtləşdirilməsi daxildəki problemlərin onlardan qaynaqlandığı fikrini ictimaiyyətə sırımaq cəhdidir. Kremlin apardığı siyasət buna yönəlib ki, daxildə problemlərin olmasında günahkar hakimiyyət deyil, miqrantlardır.
Buna görə də hazırlıqlı olmaq lazımdır. Ola bilər ki, miqrasiya haqqında qanunvericilik sərtləşsə, bu, orada yaşayan soydaşlarımıza da təsir etsin. Amma burada biz həmişə qarışdırırıq. Rusiyada yaşayan soydaşlarımızın böyük bir hissəsi artıq Rusiya vətəndaşıdır.
Onları deportasiya etmək olmaz. Onlar Rusiya vətəndaşıdırlar. Rusiya qanunvericiliyinə əsasən, yalnız ölkə daxilində törətdikləri hansısa əməllərə görə cəzalandırıla bilərlər”.
İqtisadçı qeyd edib ki, burada problem daha çox qeydiyyatı olmadan Rusiyada çalışan şəxslərlə bağlıdır:
“Onlarla bağlı müəyyən problemlər yaşana bilər”.
Aişə Abdulova
“Cebheinfo.az”

