Doğumla ölümün bərabərləşəcəyini deyən alim: "Milli Məclisə bizi çağırsınlar, deyək"

Doğumla ölümün bərabərləşəcəyini deyən alim: "Milli Məclisə bizi çağırsınlar, deyək"

Son vaxtlar aktual olan məsələlərdən biri də demoqrafik göstərilərdir. 

Artıq bir neçə müddətdir ki, ölkədə uşaqların sayında azalma müzakirə mövzusudur. Mövcud vəziyyətlə bağlı mütəxəssislər “təhlükə zəngi" çalındığını bildirirlər. Bununla yanaşı, əks fikir bildirənlər də var. 

Milli Məclisdə iclas zamanı qeyd edilib ki, uşaqların doğum sayının azalması ilə bağlı vəziyyət elə də riskli deyil. Halbuki  rəsmi statistikaya görə, 2025-ci ildə Azərbaycanda cəmi 95 875 körpə dünyaya gəlib. Bu, ölkədə İkinci Dünya müharibəsinin kəskin fəsadlarının yaşandığı 1947-ci ildən bəri qeydə alınan ən aşağı göstəricidir. 

Əhalinin hər 1000 nəfərinə düşən doğum nisbəti 9,4-ə enib ki, bu da rəsmi qeydiyyatın aparıldığı 1935-ci ildən bəri ən aşağı həddir. Hazırda ölkə əhalisi 10 milyondan çox olsa da, uşaq doğumu əhalinin sayının cəmi 5 milyon olduğu 1970-ci illərdəki səviyyədən belə xeyli azdır. 

Son illərin dinamikasına gəldikdə, 2022-ci ildə 122 846 uşaq,  2023-cü ildə 112 620 uşaq,  2024-cü ildə 102 310 uşaq,  2025-ci ildə isə  95 875 uşaq dünyaya gəlib. Ölkədəki mövcud vəziyyət demoqrafik təhlükədən xəbər verirmi və problemin həlli nədədir?   

Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun Əhali coğrafiyası laboratoriyasının aparıcı elmi işçisi, dosent Etibar Bədəlov “Cebheinfo.az”-a bildirib ki, ölkədə demoqrafik vəziyyətin təhlükəli olmaması ilə bağlı fikir söyləyənlər bu sahənin mütəxəssisi deyillər: 

“Bu sahədə alimlərin fikri, yanaşması tamamilə başqadır. Bizdə hazırda bu sahədə vəziyyət faciəvidir. Buna əsasən demoqrafik təhlükəsizliyi olmayan ölkə deyilir. Bu gün dünya ölkələrinin əksəriyyətində demoqrafik təhlükəsizlik proqramı var, işləyirlər, bizim dövlətdə isə bu proqram yoxdur. 

Ona görə də bu problemlər olacaq. Mövcud vəziyyətin səbəbi isə yalnız bir problem deyil". O bildirib ki, bu problemin həllində bir neçə istiqamət var: 

"Yəni həm sosial, həm iqtisadi məsələlər, həm məşğulluq, həm də ailə quruculuğu problemləri var. Ən əsası odur ki, dövlətin bu sahədə proqramı olmalıdır. O proqram yoxdursa, demək ki, demoqrafik problemdən danışmağın da  nəticəsi yoxdur”.  

Alimin sözlərinə görə, azərbaycanlılar ailədə uşaq olmasını istəyirlər: 

“Kim Avropa dəbi ilə getmək istəyirsə, özü bilər. Ancaq bizim mentalitetimiz belədir ki, uşaqla nəfəs alırıq. Əgər xalqın 10 faizi belə deyilsə, bu, o demək deyil ki, onlar xalqı təmsil edirlər. Əhalinin 80 faizdən çoxu uşaq istəyir. 

Ancaq nəsə böyük problemlər var ki, uşaq az doğulur. Bunun üçün də ölkədə demoqrafik təhlükəsizliklə yanaşı, demoqrafik siyasət proqramı yürüdülməlidir. Milli Məclisdə də bu məsələnin müzakirəsi zamanı heç olmasa bu sahə ilə məşğul olan alimlərdən də dəvət etsinlər ki, biz orada sözümüzü deyə bilək. 

Ancaq bir insan o sahə ilə məşğul olmursa, o prosesin necə olduğunu bilməz. Hər il ölkədə uşaq doğum sayı 10 min nəfər azalır. Bu, çox böyük mənfi göstəricidir. Bizdə təxminən 5 ildən sonra bir qədər artım olacaq. 

Çünki 2004-cü ildən başlayaraq 2016-cı ilədək doğum sayı artdı. Təxminən 10 illik doğum sayı artdığı üçün o yaşda olanların evlənmə mərhələsi gəldikdə, yə i 2030-35-ci il arasında bir qədər doğum stabil olacaq. Ancaq 2030-cu ilədək doğum sayı azalmaqda davam edəcək ki, bu da mənfi göstəricidir. Azərbaycan demoqrafik böhrana doğru gedir. 

Bunun üçün də Milli Məclis tapşırıq verməlidir ki, elmi müəssisələr proqram hazırlasınlar. Ötən il doğulan uşaqların sayına diqqət etsək, təxminən 96 min olub.  2024-cü ildə isə bu rəqəm 103 min olub. 

Təxminən 7 min nəfər azalma var ki, bu da mənfi tendensiyadır. Ölənlərin sayı qismən artır. Bizim ölkə üçün 30 min artım çox aşağı səviyyədir. Tədricən bu rəqəm azalacaq, ölümlə doğumun səviyyəsi bərabər olacaq. Bu da demoqrafik böhranın başlanmasını göstərir. 

Problemlərin başlanması sonradan baş verəcək. Artıq məktəblərdə 1-ci sinifə gedən uşaqların sayı azalır. Çünki 2020-ci ildən başlayaraq, Azərbaycanda doğum prosesi kəskin surətdə aşağı düşüb. 

Biz gözləyirdik ki, pandemiya bitdikdən sonra, 2023-cü ildə bir qədər artım olar. Ancaq cüzi artım oldu. İndi də azalmaqda davam edir. Bu proseslərin həlli üçün kompleks tədbir görülməlidir”.

Nigar Abdullayeva
“Cebheinfo.az”