Dünyanın ən xoşbəxt şəhəri seçildi
İnsanların yaşadıqları şəhərdən nə dərəcədə məmnun olduqlarını və özlərini nə qədər xoşbəxt hiss etdiklərini göstərən beynəlxalq araşdırmanın nəticələri açıqlanıb.
"Cebheinfo.az" xarici mediaya istinadən xəbər verir ki, "Time Out" jurnalının 2026-cı il araşdırmasına əsasən, dünyanın müxtəlif ölkələrindən 24 mindən çox insanın iştirak etdiyi sorğunun nəticələrinə görə, Böyük Britaniyanın Bath şəhəri "dünyanın ən xoşbəxt şəhəri" seçilib.
Sorğu zamanı iştirakçılar yaşadıqları şəhərləri bir neçə meyar üzrə dəyərləndiriblər.Onlardan şəhərin özlərini xoşbəxt edib-etmədiyi, gündəlik həyatın nə dərəcədə məmnunluq yaratdığı, insanların müsbət münasibəti və son dövrdə xoşbəxtlik hissində dəyişiklik olub-olmadığı ilə bağlı fikirlərini bölüşmələri istənilib.
Araşdırmanın daha obyektiv nəticə verməsi üçün reytinqə hər ölkədən yalnız bir şəhər daxil edilib.Nəticələrə əsasən, Londondan təxminən 150 kilometr qərbdə yerləşən Bath şəhərinin sakinlərinin 93 faizi yaşadıqları şəhərin onları xoşbəxt etdiyini bildirib.
Tarixi Roma hamamları və əsrlərdir qorunub saxlanılan memarlıq abidələri ilə tanınan şəhər siyahının zirvəsində qərarlaşıb.
Reytinqdə ikinci yeri Panama şəhəri, üçüncü yeri isə zəngin mədəni həyatı, mətbəxi və canlı sosial mühiti ilə seçilən Meksikanın Qvadalaxara şəhəri tutub.
Gülər
"Cebheinfo.az"

