Azərbaycanlıların quzu sevgisi: Həm bahalı, həm ziyanlı

Azərbaycanlıların quzu sevgisi: Həm bahalı, həm ziyanlı

Bu ilin yanvar-aprel aylarında Azərbaycan 233,3 min ABŞ dolları dəyərində 58,03 ton quzu əti (təzə, soyudulmuş və ya dondurulmuş) idxal edib.

Dövlət Statistika Komitəsinin məlumatları əsasında aparılan hesablamalara görə, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 3 dəfə, həcm baxımından isə 3,4 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycan Monqolustandan 232 min ABŞ dolları dəyərində 58 ton quzu əti idxal edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə həm dəyər, həm də həcm baxımından 5,7 dəfə artım deməkdir. Bundan əlavə, Avstraliyadan 1,3 min ABŞ dolları dəyərində 0,03 ton məhsul gətirilib.

Xatırladaq ki, ötən ilin eyni dövründə bu ölkədən idxal həyata keçirilməyib. Ümumilikdə, 2025-ci ildə Azərbaycana idxal edilən 325 ton quzu ətinin 99,94 faizi Monqolustanın payına düşüb. Qeyd edək ki, Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında Azərbaycanda heyvanların kəsilməsi üçün yaş həddinin müəyyənləşdirilməsi təklif olunub.

Sənəddə vurğulanır ki, son illərdə ölkədə iri və xırdabuynuzlu heyvanların sayı azalsa da, heyvandarlıq məhsullarının istehsalı xeyli artıb.Bildirilir ki, dövlət mal-qaranın sayının artırılmasında deyil, ətlik və südlük heyvanların yetişdirilməsində maraqlıdır.

“Bu, düzgün seçimdir və iri heyvandarlıq təsərrüfatlarının yaradılması, eləcə də cins tərkibinin yaxşılaşdırılması günün tələbidir. Bununla belə, 7-8 kiloqram çəkisi olan quzuların, habelə körpə danaların kütləvi şəkildə kəsilərək bazara çıxarılması heyvandarlığın inkişafına mane olur və bazarda ətin qiymətinin artmasına səbəb yaradır”, - deyə hesabatda qeyd olunub.

Bundan əvvəl kənd təsərrüfatı naziri Məcnun Məmmədov Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə son beş il ərzində ölkədə heyvanların sayında azalma müşahidə olunduğunu bildirib.

Nazirin sözlərinə görə, buna baxmayaraq, ət istehsalında və adambaşına düşən ət istehlakında artım qeydə alınıb:

“Artan ət istehsalı, təəssüf ki, artan istehlakı tam qarşılaya bilmir və buna görə də son illərdə ət idxalı artıb. Bu sahənin qarşısında duran əsas çağırışlardan biri məhsuldarlığın artırılmasıdır.

Hazırda heyvandarlıqda məhsuldarlıq istənilən səviyyədə deyil. Eyni zamanda, sürüdə cins heyvanların payı cəmi 2,5 faiz təşkil edir. Bu da məhsuldarlığın ciddi şəkildə artırılmasına imkan vermir”.

Bəs ölkədə quzuların kəsilməsinə nə ehtiyac var? Niyə yaşı daha böyük heyvanlar əvəzinə məhz quzular kəsilir?

Qida mütəxəssisi Fərid Səfərov “Cebheinfo.az”-a bildirib ki, Azərbaycanlıların quzu ətinə üstünlük verməsinin həm ənənəvi, həm də dad xüsusiyyətləri ilə bağlı səbəbləri var. 

“Quzu əti daha yumşaq, lifləri incə, bişməsi asan və özünəməxsus zərif dada malik olduğu üçün istehlakçılar tərəfindən daha çox seçilir.

Milli mətbəximizin bir çox məşhur yeməkləri – plov, kabab, bozbaş, piti və digər təamlar da məhz quzu əti ilə hazırlanır. Bundan əlavə, bir çox insanlar yetkin qoyun ətinin daha sərt və spesifik qoxulu olduğunu düşündüyündən seçimlərini quzu ətindən yana edirlər.

Əslində isə düzgün bəslənmiş və uyğun yaşda kəsilmiş yetkin qoyun əti də həm qidalı, həm də keyfiyyətli məhsuldur.
Quzuların həddindən artıq erkən yaşda və kütləvi şəkildə kəsilməsi isə uzunmüddətli perspektivdə heyvandarlıq sektoruna mənfi təsir göstərə bilər.

Çünki damazlıq potensialına malik heyvanların vaxtından əvvəl kəsilməsi sürülərin bərpasını çətinləşdirə, gələcəkdə ət istehsalının azalmasına və nəticədə bazarda təklifin məhdudlaşmasına səbəb ola bilər.

Bu da müəyyən dövrlərdə qiymət artımına və məhsul qıtlığı riskinə təsir edə bilər. Buna görə də heyvandarlıqda balanslı yanaşma vacibdir”.

Qida mütəxəssisi qeyd edib ki, damazlıq üçün nəzərdə tutulan heyvanların qorunması, quzuların optimal yaş və çəkiyə çatdıqdan sonra kəsilməsi, həm istehsalın davamlılığını təmin edir, həm də bazarın tələbatının sabit şəkildə ödənilməsinə kömək edir.

Aişə Abdulova
“Cebheinfo.az”