Tramp Ankarada mətbuatın qarşısına keçdi: “Ərdoğan çox güclü bir liderdir”

Tramp Ankarada mətbuatın qarşısına keçdi: “Ərdoğan çox güclü bir liderdir”

ABŞ Prezidenti Donald Tramp 36-cı NATO Dövlət və Hökumət Başçıları Zirvəsi ilə bağlı mətbuat konfransı keçirib. 

Tarixi NATO Zirvəsinin sonundan sonra Beştəpədən dünyaya danışan ABŞ Prezidenti Donald Tramp mətbuat konfransına Prezident Rəcəb Tayyib Ərdoğana təşəkkür etməklə başlayıb.

“Cebheinfo.az” xəbər verir ki, çıxışına Prezident Ərdoğana təşəkkür etməklə başlayan Tramp deyib:

"Ərdoğan çox güclü bir liderdir. Gördüyümüz hər şey möhtəşəm idi. Təşəkkür edirəm, Ərdoğan". 

ABŞ Prezidenti Donald Tramp Türkiyənin hərbi gücü və qonaqpərvərliyi ilə bağlı fikirlərinə davam edıb:

"Türkiyədə Prezident Rəcəb Tayyib Ərdoğana təşəkkür etmək istəyirəm. O, əla insandır, əla liderdir. O, uzun müddətdir mənim dostumdur. O, çox güclü şəxsiyyətdir. O, çox uğurludur və ölkəsini çox yaxşı idarə edir. O, hərbi cəhətdən çox güclü bir ölkəni idarə edir. İnsanlar bəzən bunu görməzdən gəlirlər, amma o, həqiqətən də çox yaxşı iş görür."

Ankaraya ayaq basdıqları andan etibarən qarşılaşdıqları atmosferdən son dərəcə təsirləndiyini deyən Tramp Türkiyədəki qonaqpərvərlikdən məmnunluğunu bu sözlərlə ifadə edib:

"Təyyarədən düşdüyümüz andan hava limanını gördük. Həqiqətən də gözəl idi. Zirvə görüşümüz üçün yeni bir terminal tikdilər. Hər şey çox gözəl idi. Buna görə də Ərdoğana çox təşəkkür edirəm. Türkiyə əla iş gördü".

NATO Liderlərinin Zirvə Görüşündə baş verənləri də təsvir edən Tramp deyib:

"Böyük birlik var idi və mən ölkələri müdafiə xərclərini mümkün qədər tez 5 faizə çatdırmağa təşviq etdim. Keçən il bir öhdəlik götürdük.

Buna baxanda görürük ki, 2025-ci ilə qədər bütün NATO üzvləri tərəfindən 150 milyard dollar xərclənib. Bu xərclərin böyük bir hissəsi Amerika istehsalı olan avadanlıqlara sərf olunur. Ən yaxşı avadanlıqları biz istehsal edirik.

"Patriot", "Tomaqavk", istehsal etdiyimiz ən yaxşı avadanlıqlar artıq var. Bunu deyən tək mən deyiləm. Kaş ki, onları daha sürətli istehsal edə bilsəydik, çünki o zaman daha çox satış edə bilərdik".

Tramp açıqlamasında İrana hücuma da toxunub:

"Biz İranda edilməli olanı etdik. Birinci müddətimdə olduğu kimi, son 18 ay ərzində ABŞ tarixi bir səylə müdafiə xərclərini artırmaq üçün addımlar atdı. Biz bunu dünyanın heç bir ölkəsində olmayan avadanlıq əldə etmək üçün etdik. İrana baxanda, bir neçə həftə ərzində onların hərbi potensialını məhv etdik.

Onların yüzlərlə gəmisi var idi, indi hamısı dənizin dibindədir. Yüzlərlə təyyarəsi məhv edildi. Hava limanlarında uçuş-enmə zolaqları, radarları və digər elementləri məhv edildi. Liderləri də zərərsizləşdirildi. Onların döyüş qabiliyyəti indi son dərəcə aşağıdır. Onların çox az raketi qalıb. Raket buraxıcılarının əksəriyyəti də məhv edildi".

Tramp çıxışını aşağıdakı ifadələrlə davam etdirib:

"Dünyanın ən güclü ordusuna sahibik. Bu, indiyə qədər belədir, başqa heç bir ölkə buna yaxınlaşa bilməz və hamı bunu qəbul edir. Dünyanın ən güclü ordusuna sahibik və insanlar bizə yenidən bir ölkə kimi hörmət edirlər. İki il əvvəl belə deyildi.

Bizə gülürdülər. NATO bizə gülürdü, hamı bizə gülürdü. Amma artıq heç kim gülmür. Artıq gülüş eşitmirsiniz. Bu il ordumuza və əsgərlərimizə rekord həddə - 1 trilyon dollar sərmayə qoyduq. Qarşıdakı dövrdə böyük məbləğdə sərmayə qoyulacaq.

Bütün bu resurslar ən yaxşı avadanlıqlara xərclənir".

Xəzər
“Cebheinfo.az”