Xərçəngin müalicəsində mühüm YENİLİK
Xərçəngin müalicəsində yeni ümid yarada biləcək mühüm elmi araşdırmanın nəticələri açıqlanıb.
"Cebheinfo.az" xarici mediaya istinadən xəbər verir ki, Yaponiyalı alimlər hüceyrələrin yaşayıb-yaşamayacağını müəyyən edən mühüm zülal mexanizmini aşkar ediblər.
Mütəxəssislər hesab edirlər ki, bu kəşf xüsusilə mövcud müalicələrə davamlı xərçəng növləri üçün yeni müalicə üsullarının hazırlanmasına töhfə verə bilər.
Yaponiyanın Nara Elm və Texnologiya İnstitutunun (NAIST) tədqiqatçıları müəyyən ediblər ki, “Zbtb38” adlı zülal hüceyrə ölümünün qarşısını alan “XIAP” zülalını birbaşa idarə edir.
Laboratoriya təcrübələri göstərib ki, “Zbtb38” zülalının fəaliyyəti azaldıqda “XIAP” səviyyəsi aşağı düşür və xərçəng hüceyrələri də daxil olmaqla hüceyrələrin ölümü artır.
Araşdırma hüceyrə kulturları ilə yanaşı, embrional kök hüceyrələr və siçan embrionları üzərində də sınaqdan keçirilib.
İnsan şişlərinə aid məlumatların təhlili zamanı isə “Zbtb38” və “XIAP” zülallarının bir çox xərçəng növündə yüksək səviyyədə olduğu, “Zbtb38” zülalının artmasının isə xəstəliyin daha aqressiv və müalicəyə davamlı gedişi ilə əlaqəli olduğu müəyyən edilib.
Alimlər bildirirlər ki, bu mexanizmin daha dərindən öyrənilməsi gələcəkdə xərçəng hüceyrələrini hədəf alan yeni nəsil dərmanların hazırlanmasına imkan yarada bilər.
Gülər
"Cebheinfo.az"

