Hacıbala Abutalıbovla bağlı şok xəbər yayıldı: Rayondan qovulması...
Media və sosial şəbəkələrdə Bakı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalıbov barəsində müxtəlif iddialar yenidən gündəmə gəlib.
Sabiq merin uzun müddətdir məskunlaşdığı Qax rayonunun Ağçay kəndindən sakinlər tərəfindən qovulması, həmçinin səhhətində yaranan ciddi problemlərə görə müalicə məqsədilə təcili Bakıya qayıtması barədə məlumatlar yayılıb.
"Cebheinfo.az" xəbər verir ki, məsələyə aydınlıq gətirmək üçün modern.az sabiq icra başçısının özü ilə əlaqə saxlamağa çalışsa da, telefon zənglərimiz cavabsız qalıb.
Qax Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Heydərova isə qovulma iddialarını qətiyyətlə təkzib edərək, bu xəbərləri sabiq dövlət xadiminə qarşı hörmətsizlik kimi qiymətlədirib:
"Hacıbala Abutalıbovun Qaxda rəsmi qeydiyyata düşüb-düşmədiyini bilmirəm. Amma onun rayondan qovulması ilə bağlı yayılan iddialar tamamilə əsassızdır, belə bir söhbət yoxdur və ola da bilməz. Qaxda indiyə qədər elə bir hadisə yaşanmayıb ki, yerli sakinlər kimisə rayondan qovsunlar.
Üstəlik, uzun illər dövlətçilikdə mühüm postlar tutmuş, rolu olmuş bir insanın qovulması ümumiyyətlə qəbuledilən iddia deyil. Bu şayiəni kim yayıbsa, yalan deyir. O, adi bir vətəndaş deyil, axı niyə onun haqqında belə səthi və yalan məlumatlar tirajlanır? Mediada bir neçə ay əvvəl də bənzər xəbərlər yayılsa da, heç biri doğruluğunu tapmadı, tapa bilməzdi də".
Vəfa Heydərova sabiq merin Bakıya səhhəti ilə bağlı getməsi ehtimalına da toxunub: "Onun sağlamlıq vəziyyəti ilə bağlı məlumatım yoxdur. Bunu da doğru məlumat olaraq qəbul etmirəm, sadəcə növbəti iddiadır".
Xatırladaq ki, Hacıbala Abutalıbov artıq 3 ilə yaxındır ki, Bakını tərk edərək Qax rayonunun Ağçay kəndindəki villasında yaşayır. Keçmiş merin məhz bu kəndi seçməsinin əsas səbəbi həyat yoldaşının əslən Qaxdan olması ilə bağlıdır.
Sözügedən ərazi üzrə məsul şəxs, Qax rayon İcra Hakimiyyətinin İlisu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin sədri Həşim Həsənov isə son iddialarla bağlı ümumiyyətlə məlumatlı olmadığını və heç nə bilmədiyini deyib. Lakin H.Həsənov bir müddət öncə verdiyi açıqlamada sabiq merin kənddəki həyat tərzi barədə maraqlı detal paylaşmışdı:
"Hacıbala müəllim kənd arasına, camaat içinə çıxmır. Vaxtını əsasən Ağçayda yerləşən villasının qapalı həyətində keçirir".
Hacıbala Abutalıbov Azərbaycanın idarəçilik sistemində ən uzunömürlü rəhbər şəxslərdən biri olub:
1995-2000: Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı;
2000-2001: Azərbaycan Respublikası Baş nazirinin müavini;
2001-2018: Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı;
21 aprel 2018: Bakı meri vəzifəsindən azad edilərək yenidən Baş nazirin müavini təyin olunması;
21 oktyabr 2019: Baş nazirin müavini vəzifəsindən azad edilərək rəsmən təqaüdə göndərilməsi.
Siyasi fəaliyyətinə gəlincə, 2021-ci il martın 5-də hakim Yeni Azərbaycan Partiyasının (YAP) VII qurultayında H.Abutalıbov qurumun İdarə Heyətindən kənarlaşdırılıb.
O, hazırda partiyanın Veteranlar Şurasının üzvü kimi təqaüdçü həyatı yaşayır.
"Cebheinfo.az"

