Öldüyü deyilən iranlı general ÜZƏ ÇIXDI

13 iyun tarixində İsrailin hücumları zamanı həyatını itirdiyi iddia edilən İran İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin komandanı general İsmayıl Qaani Tehranda keçirilən nümayişlərdə iştirak edib.
"Cebheinfo.az" İranın rəsmi xəbər agentliyi IRNA-ya istinadən xəbər verir ki, Qaaninin öldüyünə dair iddialar davam etdiyi bir vaxtda o, 12 gün sonra ilk dəfə Tehranın İnqilab meydanında görüntülənib.
Xəbərdə Qaaninin İsrail ilə atəşkəsdən sonra təşkil edilən “qələbə tədbirlərinə” qatıldığına dair görüntülərə də yer verilib.
Görüntülərdə Qaaninin mühafizəçiləri ilə birlikdə meydana gəldiyi və oradakı vətəndaşlarla söhbət etdiyi görünür.
IRNA həmin görüntüləri “12 gün davam edən İsrail aqressiyasından sonra general Qaaninin ilk görüntüləri” qeydi ilə yayımlayıb.
Amerikanın “The New York Times” qəzeti isə 13 iyun tarixində “adları açıqlanmayan İran mənbələrinə” istinadən verdiyi xəbərdə general Qaaninin İsrailin İrana hücumlarında öldüyünü iddia etmişdi.
Nigar Hacılı
"Cebheinfo.az"