Tramp Netanyahunun üstündən xətt çəkdi: Səbəbi bəllidir

Tramp Netanyahunun üstündən xətt çəkdi: Səbəbi bəllidir

ABŞ Prezidenti Donald Tramp administrasiyası ilə İsrailin Baş naziri Binyamin Netanyahu arasında yaranan soyuqluq yeni diplomatik manevrlərə səbəb olub.

"Cebheinfo.az" xəbər verir ki, ABŞ və İsrail arasında, xüsusilə Qəzza siyasəti və hökumətin qəbul etdiyi qərarlarla bağlı fikir ayrılıqları dərinləşməkdədir.

İsrail mediasının məlumatına görə, Vaşinqton qarşıdan gələn seçkilər öncəsi Netanyahunun əsas rəqibləri hesab olunan keçmiş baş nazir Naftali Bennet və keçmiş Baş Qərargah rəisi Gadi Eyzenkot ilə qeyri-rəsmi əlaqələr qurmağa çalışır.

Məlumata əsasən, Tramp administrasiyasının bəzi yüksək vəzifəli rəsmiləri İsraildə oktyabr ayından gec olmayaraq keçirilməsi planlaşdırılan seçkilər öncəsi müxalifət liderləri ilə qeyri-rəsmi təmaslara başlayıblar.

Rəy sorğularında Bennett və Eyzenkot baş nazir postuna ən güclü namizədlər sırasında göstərilir.

Qeyd olunur ki, Vaşinqton administrasiyasının mövcud hökumətdən kənarda alternativ siyasi fiqurlarla əlaqələr qurmağa çalışmasının əsas səbəblərindən biri Netanyahunun kabinetində təmsil olunan ifrat sağçı siyasətçilərin ritorikası və fəaliyyətidir.

İddialara görə, ABŞ rəsmiləri həmin fiqurların mövqelərindən getdikcə daha çox narahatlıq duyurlar.

ABŞ administrasiyasının narazı olduğu digər mühüm məsələ isə Qəzza siyasətidir. Vaşinqton hesab edir ki, İsrail hökumətinin Qəzza ilə bağlı hazırkı siyasəti ölkənin beynəlxalq imicinə ciddi zərbə vurur və regionda mümkün diplomatik həll yollarını çətinləşdirir.

İddiaların mərkəzində dayanan digər mühüm məqam isə İsraildə keçiriləcək seçkilərlə bağlı siyasi proqnozlardır.

Bildirilir ki, Tramp administrasiyası Netanyahunun seçkilərdə məğlub ola biləcəyini ehtimal edir. Bu səbəbdən Vaşinqtonun mümkün hakimiyyət dəyişikliyinə hazır olmaq və ikitərəfli münasibətlərdə davamlılığı təmin etmək məqsədilə müxalifətlə təmaslarını intensivləşdirdiyi vurğulanır.

Əfsanə
"Cebheinfo.az"