Deputat: “Azərbaycan regional “orta güc” dövlətinə çevrilib”

Deputat: “Azərbaycan regional “orta güc” dövlətinə çevrilib”

Azərbaycan Prezidenti İlham Əliyev Albaniyanın Baş naziri Edi Ramanın və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın dəvəti ilə “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısında iştirak etmək üçün Tiranada işgüzar səfərdədir.

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında deputat Vüqar Bayramov deyib ki, yeni dünya düzəninin formalaşması mərhələsində regionda müşahidə edilən siyasi kataklizmlərə rəğmən Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət Azərbaycanın geosiyasi mövqeyini daha da gücləndirməklə yanaşı, ölkəmizi regional “orta güc” dövlətinə çevirib: 

“Çox vektorlu xarici siyasət Azərbaycanın eyni zamanda Qərb və Şərqlə tərəfdaşlığını gücləndirərək regional təhlükəsizliyin qorunmasında rolunu daha da artırıb.

Regional enerji təhlükəsizliyinə yaxından töhfə verən Azərbaycan tərəfdaş ölkələr ilə enerji əməkdaşlığını gücləndirməkdədir. Azərbaycanın Avropaya qaz ixracatı 2024-cü ildə 8.6 faiz artaraq 12.9 milyard kubmetrə çatıb. Ötən il ölkəmizdə 50,3 milyard kubmetr təbii qaz hasil edilib.

2023-cü il ilə müqayisədə hasilat 2 milyard kubmetr artıb. 2024-cü ildə Azərbaycan tarixində ilk dəfə olaraq mavi qaz hasilatı illik 50 milyard kub metrdən çox olub. Bu isə ölkəmiz üçün daha çox ixrac imkanları deməkdir. Hazırda Azərbaycan regionun 12 ölkəsinə mavi qaz nəql edir.

Mavi qaz ixracatı dövlət gəlirlərini artırmaqla yanaşı, ölkəmizin geosiyasi mövqeyini daha da möhkəmləndirərək regionun enerji təhlükəsizliyi sahəsində Azərbaycanın rolunu gücləndirir. Bu, Mərkəzi və Şərqi Avropa daxil olmaqla tərəfdaş ölkələr ilə yeni əməkdaşlıq imkanları deməkdir”.

“Cebheinfo.az”