NATO Zirvəsinin ikinci günü: Masada bunlar var
Ankarada keçirilən 36-cı NATO Dövlət və Hökumət Başçıları Zirvəsi bu gün liderlər səviyyəsində rəsmi iclaslara keçir.
“Cebheinfo.az” xəbər verir ki, Zirvənin taleyini müəyyən edəcək görüşlərdə müdafiə xərcləri, müdafiə investisiyaları, NATO 3.0 vizyonu və Ukraynaya dəstək məsələləri müzakirə olunacaq. Bütün diqqətlər ABŞ Prezidenti Donald Trampın mesajlarına yönələcək.
7 iyulda nazirlər səviyyəsində əlavə tədbirlər və işgüzar şam yeməkləri ilə başlayan NATO Zirvəsi kritik bir günə çatıb.
Zirvənin uğurlu olub-olmayacağı bu gün liderlər səviyyəsində rəsmi iclaslardan sonra bəlli olacaq.
Prezident Rəcəb Tayyib Ərdoğanla dostluğu səbəbindən zirvəyə qatıldığını açıq şəkildə bildirən ABŞ Prezidenti Donald Tramp ilkin açıqlamalarında görüşlərin sonuna qədər gərgin ola biləcəyinə işarə edib.
Prezident Ərdoğanla görüşü zamanı Tramp Qrenlandiya məsələsini yenidən gündəmə gətirərək, İrana hücumlar zamanı bəzi Avropa ölkələrindən gözlədiyi dəstəyi almadığını söyləyib.
ABŞ Prezidenti həmçinin bütün Amerika qoşunlarını Avropadan geri çəkə biləcəyi ilə bağlı açıqlamalarını təkrarlayıb.
NATO dairələrində Trampın gözlənilməz davranışının sammitdən əvvəl də nəzərə alındığı bildirilir.
Aparıcı NATO ölkələrindən birinin yüksək vəzifəli diplomatı sammitdən əvvəl açıqlamada "Hər şeydən əvvəl, sammitin insidentsiz başa çatması və xoşbəxt bir ailə mənzərəsi çəkilməsi lazımdır" deyib.
Sammitin sonunda veriləcək birgə bəyanatın Haaqa Zirvəsində olduğu kimi qısa olması planlaşdırılır.Bəyanatda NATO-nun təsis sənədi olan Vaşinqton Müqaviləsinin 5-ci maddəsinə əsasən kollektiv müdafiə prinsipinə sadiqlik bir daha vurğulanacaq.
Həmçinin Avropa ölkələri və NATO-nun Haaqa Zirvəsində müdafiə xərclərini artırmaq üçün götürdükləri öhdəlikləri yerinə yetirdikləri qeyd olunacaq.
Alyans daxilində fəaliyyət bölgüsünü simvolizə edən NATO 3.0 vizyonuna gəldikdə isə bəyanatda bunların yer alacağı gözlənilir:
"Gələcəyi qurmaq: Daha güclü NATO-da daha güclü Avropa. Avropalı müttəfiqləri və ABŞ ilə birlikdə işləyən Kanada Alyansın müdafiəsi üçün daha böyük məsuliyyət daşıyırlar".
Bəyanatda həmçinin Rusiyanın Avro-Atlantik coğrafiyasının təhlükəsizliyinə uzunmüddətli təhdid yaratdığı vurğulanacaq. Eyni zamanda, bəyanatda Türkiyənin "terrorizmin NATO üçün davamlı bir təhdid olduğu" faktına vurğusu da yer alacağı gözlənilir.
Bu yaxınlarda ABŞ ilə bəzi Avropa ölkələri arasında gərginliyə səbəb olan İran məsələsinə də toxunulacaq.Məhz mətndə bu bəyanatın da yer alacağı gözlənilir:
“Belə ki, müttəfiqlər İranın heç vaxt nüvə silahına sahib olmamalı olduğunu təkrarlayır və İranı Hörmüz boğazında naviqasiya azadlığına tam hörmət etməyə çağırırlar".
Bəyanatda həmçinin 2026 və 2027-ci illər üçün Ukraynaya 70 milyard avro dəyərində hərbi dəstək vermək öhdəliyinin də yer alacağı gözlənilir.
Nigar
“Cebheinfo.az”

