Paşinyan Rusiyadan əliboş döndü: Həlledici “döyüş” başlayır

Paşinyan Rusiyadan əliboş döndü: Həlledici “döyüş” başlayır

Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiyaya səfərinin ölkə üçün gözlənilən nəticələri vermədiyi bildirilir. 

Bu barədə Ermənistanın qəzeti hökumətdəki mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, iyulun 6-da başlayan səfər çərçivəsində Yekaterinburqda keçirilən beynəlxalq sənaye sərgisində iştirak edən Paşinyan Ermənistana narazı qayıdıb. 

Qəzetin yazdığına görə, tərəflər əsas məsələlərin heç biri üzrə praktik razılıq əldə edə bilməyiblər. Xüsusilə, Rusiyanın Ermənistan məhsullarının idxalına tətbiq etdiyi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı irəliləyiş olmayıb. Mənbələrin iddiasına əsasən, təbii qazın qiyməti ilə bağlı da razılıq əldə olunmayıb. 

Energetika sahəsində isə qeyri-müəyyənlik davam edir. “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, Moskva Paşinyana qarşı siyasətini dəyişməyib. Onun sözlərinə görə, Paşinyanın Yekaterinburq səfəri Rusiyanın mövqeyini dəyişməyib: 

“Nikol Paşinyanın Yekaterinburqa səfərinin nəticəsiz qalmasının əsas səbəbi Rusiyanın mövqeyində heç bir dəyişikliyin baş verməməsidir. Ümumiyyətlə, Rusiya çox çalışdı ki, Nikol Paşinyanın partiyası parlament seçkilərində məğlub olsun. 

Bu məqsədlə Rusiya radikal müxalifəti hərtərəfli dəstəklədi və Paşinyanın mövqeyini zəiflətmək üçün Ermənistanın kənd təsərrüfatı məhsullarının Rusiyaya ixracına qadağalar qoydu. 

Həmçinin Rusiya qazının Ermənistana satış qiymətinin bahalaşdırılacağını bildirdi. Amma bütün bunlar Rusiyanın istədiyi nəticəni vermədi və erməni cəmiyyətinin əksər hissəsi yenidən Paşinyana səs verdi”. 

Politoloq əlavə edib ki, Rusiya hələ ki siyasətini dəyişməyib və Paşinyana təzyiq xəttini davam etdirir: 

“Buna baxmayaraq, Paşinyan Rusiya ilə münasibətləri daha da gərginləşdirmək istəmir. Məhz buna görə Yekaterinburqdakı sərgiyə qatıldı. Halbuki bu, mənasız bir sərgi idi. 

O, bu addımı Rusiyaya normal münasibətlərin tərəfdarı olduğunu göstərmək üçün atdı. Mixail Mişustin isə görüş zamanı ümidverici heç nə söyləmədi. Çünki Rusiyanın Baş naziri Mixail Mişustin özbaşına deyil, Prezident Vladimir Putinin göstəriş və tapşırıqlarını yerinə yetirməlidir. 

Yəni Mişustin özbaşına "ticarəti inkişaf etdirək, əməkdaşlığı genişləndirək" kimi fikirlər səsləndirə bilməzdi. Əgər məsələ yalnız iqtisadi amillərlə bağlı olsaydı, bəlkə də Ermənistanla əməkdaşlığın genişləndirilməsinə razılıq verərdi. Lakin Ermənistana təzyiq siyasəti siyasi qərardır və Mişustin də bu siyasi qərara tabe olmaq məcburiyyətindədir”. 

Elxan Şahinoğlu vurğulayıb ki, Paşinyan Avropa İttifaqının maliyyə dəstəyinə arxalanır: 

“Amma Rusiyanın Ermənistana təzyiqlərinin böyük nəticə verəcəyini düşünmürəm. Çünki erməni cəmiyyətinin əksər hissəsi Paşinyanı dəstəkləyir. 

Paşinyan indi Avropa İttifaqından maliyyə dəstəyi alacaq. Rusiyaya sata bilmədiyi ərzaq məhsullarını Avropa bazarına çıxarmaq imkanı qazanacaq. 

Rusiya qazına gəldikdə isə, Azərbaycanla sülh sazişi imzalandıqdan və Konstitusiya dəyişdirildikdən sonra Ermənistan qazı Azərbaycandan da rahat şəkildə ala bilər”. 

Əfsanə Rəcəb 
“Cebheinfo.az”