Yeni nüfuz savaşı: Dövlətlər kimi seçəcək?
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Avropanı genişlənmə siyasətini davam etdirməkdə ittiham edib.
Lavrov “Ukrayna, Avropa və qlobal təhlükəsizlik” adlı məqaləsində Avropa İttifaqının və NATO-nun təsir dairəsini genişləndirməyə çalışdığını bildirib. Onun sözlərinə görə, Qərb Ukrayna və Moldovanı öz təsiri altına salmağa çalışır, eyni zamanda Ermənistanı da siyasi orbitinə cəlb etmək niyyətindədir.
Nazir qeyd edib ki, NATO son illərdə Şimali Avropada da mövqelərini gücləndirib və Finlandiya ilə İsveçi alyansa üzv edib. Lavrov iddia edib ki, Qərb dairələri gələcəkdə Ukraynanı ABŞ və NATO-dan nisbətən müstəqil fəaliyyət göstərə biləcək Avropa hərbi qüvvələrinin əsas dayaqlarından biri kimi görür.
Rusiya XİN rəhbəri belə yanaşmanın beynəlxalq təhlükəsizlik üçün ciddi risklər yaratdığını vurğulayıb:
“Rusiya ilə NATO arasında birbaşa qarşıdurma qısa müddətdə nüvə münaqişəsinə çevrilə və son dərəcə ağır nəticələr doğura bilər”. Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, məqalənin əvvəlcə “Politico Europe” nəşrində dərc olunması nəzərdə tutulsa da, redaksiya son anda bundan imtina edib.
Lavrovun NATO ilə birbaşa qarşıdurmanın nüvə münaqişəsinə çevrilə biləcəyi barədə xəbərdarlığı nə dərəcədə real görünür?
“Cebheinfo.az”-a açıqlamasında politoloq Zaur Məmmədov Rusiya-NATO müharibəsi ehtimalını ciddi saymadığını bildirib . O qeyd edib ki, Qərblə Rusiya qarşıdurması artıq illərdir davam edir:

“Düşünmürəm ki, Rusiya ilə NATO arasında müharibə olacaq. Nəinki nüvə silahından istifadə olunmasını, ümumiyyətlə, müharibənin baş verməsi ehtimalını belə ciddi hesab etmirəm. Dolayısı ilə Ukrayna, Moldova və Ermənistan üzərindən Qərblə Rusiya arasında qarşıdurma artıq illərdir davam edir.
Fakt ondan ibarətdir ki, həm NATO, həm də Avropa İttifaqı genişlənir. Bu genişlənməni dayandıra biləcək bir qüvvənin olduğunu düşünmürəm. Bu proses artıq təbii tendensiya kimi şərqə doğru istiqamətlənəcək. Biz artıq Cənubi Qafqazda da artan riskləri və çağırışları müşahidə edirik”.
Politoloq əlavə edib ki, Avropa İttifaqı, ABŞ və Çin təsir dairələrini genişləndirməyə çalışırlar: “Hər bir halda dövlətlər özləri seçim edirlər ki, hansı vektora üstünlük versinlər və Avropa İttifaqına inteqrasiya olunsunlar, yoxsa başqa istiqaməti seçsinlər.
Mən hesab edirəm ki, müxtəlif bloklar ilk növbədə öz ideologiyalarına, iqtisadi cəlbediciliklərinə və mədəni təsir imkanlarına diqqət yetirməlidirlər.
Hazırda görünən odur ki, Çin, Avropa İttifaqı və Amerika Birləşmiş Ştatları bu və ya digər formada öz milli dövlətçilik modellərindən istifadə edərək müəyyən ideyalar ətrafında ətraf ölkələri birləşdirməyə çalışırlar”.
Əfsanə Rəcəb
“Cebheinfo.az”

