Həyətdəki quyu suyu da pullu olacaq? - Deputat suala aydınlıq gətirdi
Son günlər yeraltı su resurslarından istifadə qaydaları ilə bağlı səsləndirilən fikirlər ictimai müzakirələrə səbəb olub.
Xüsusilə vətəndaşların həyətlərində qazdıqları artezian quyuları və pay torpaqlarında suvarma üçün istifadə etdikləri suyun ödənişsiz olub-olmaması məsələsi diqqət çəkir.
Bu mövzu ətrafında səsləndirilən açıqlamalar isə su ehtiyatlarının idarə olunması və istifadə qaydaları ilə bağlı sualları daha da aktuallaşdırır. Maraqlıdır ki, vətəndaş öz həyətində quyu qazarsa, artezian qurarsa ödəniş ödəməlidir?
“Cebheinfo.az”-a xəbər verir ki, deputat Razi Nurullayev də məsələyə münasibət bildirib.
O deyib ki, əgər vətəndaş öz həyətində artezian, quyu qazarsa, ondan ödəniş tələb olunmur və sayğac qoyulmayacaq:
“Yəni o, öz həyətində olan yeraltı sudan həm əkin sahələrini suvarmaq üçün, həm də içmək məqsədilə ödənişsiz istifadə edə bilər. Ancaq xüsusi məqsədlər üçün sənaye torpaqlarında sahibkarlar üçün icazə tələb olunur və onlar o su ehtiyatlarından istifadə etmək üçün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən icazə almalıdır”.
Deputat qeyd edir ki, vətəndaş isə həm yeraltı sudan, həm də ki, öz həyətyanı sahəsini, eyni zamanda pay torpaqlarını da suvarmaq üçün yaxınlıqdakı su hövzələrindən istifadə edə bilər və buna görə heç bir ödəniş tələb olunmur.
Aişə Abdulova
“Cebheinfo.az

