Elm və Təhsil Nazirliyi anlamalıdır: “Ali təhsilli, amma bacarıqsız diplomlular ordusu yaranır”

“Ali məktəblər bu gün dəyişməlidir, sabah yox! Çünki bugünkü tədris proqramları 20 il əvvəlki cəmiyyətin tələblərinə cavab verir, lakin sabahın iş bazarına yox. Dünya sürətlə dəyişir, süni intellekt, böyük verilənlər (big data), biotexnologiya artıq yalnız elmi fantastika deyil, həyatın reallığıdır. Bu dəyişikliklərin fonunda universitetlərin statik proqramları, əzbərləmə əsaslı tədris metodları artıq köhnəlmiş bir modelin əlamətidir”.
“Cebheinfo.az” xəəbər verir ki, bu fikirləri təhsil üzrə ekspert Kamran Əsədov deyib.
Ekspert bildirib ki, UNESCO-nun 2023-cü il hesabatına görə gələcək 5 ildə əmək bazarına daxil olacaq peşələrin 40%-i hazırda universitetlərdə öyrədilmir:
“Dünya İqtisadi Forumunun “Future of Jobs” sənədində vurğulanır ki, ali təhsilin məqsədi yalnız diplom vermək deyil, düşünməyi, qərar verməyi və dəyişən dünyaya adaptasiya olmağı öyrətməkdir. Azərbaycanda isə 2022-ci ildə aparılan bir tədqiqat göstərib ki, məzunların yalnız 42%-i ixtisasına uyğun iş tapa bilir. Bu, ciddi xəbərdarlıqdır. Yəni, ali təhsil ölüb, amma özünə demirlər ki, qorxar. Təhsil tədqiqatçısı Andreas Schleicher yazır:
“Əgər universitetlər gələcək üçün deyil, keçmiş üçün hazırlaşdırırsa onda tələbələr bu günə belə hazır olmur.” Onun sözləri PISA nəticələrinin müəllifi olaraq təsadüfi deyil. Təhsil fəlsəfəsinin dəyişməsi tələb olunur:
tələbəyə dərin nəzəri biliklə yanaşı praktik bacarıqlar, “edə bilmək” qabiliyyəti verilməlidir. Məsələn, Almaniyanın dual təhsil sistemi praktikaya əsaslanır: tələbələr həftənin yarısını universitetdə, yarısını isə müəssisədə keçirir.
Finlandiyada tədris modullar üzərində qurulur və hər modul real problem və layihəyə bağlanır. Sinqapurda isə universitetlərin proqramları hər il bazar ehtiyaclarına uyğun yenilənir və məzunların 90%-i ilk 6 ayda işlə təmin olunur”.
Ekspertin sözlərinə görə, Azərbaycanda isə hələ də bəzi ixtisaslarda 1980-ci illərin dərs kitabları təkrar çap olunaraq “yenilənmiş” adı ilə tədris olunur:
“Hətta müasir fənlərdə belə proqramlar mücərrəd və praktikadan uzaqdır. Nəticədə “ali təhsil almış, amma bacarıqsız” diplomlular ordusu yaranır. Dünyanı dəyişdirənlər diplomları deyil, bacarıqları ilə fərqlənənlər olub. Elm və Təhsil Nazirliyi, universitet rəhbərləri və proqram müəllifləri bu gerçəyi anlamalıdır. Artıq təhsil “necə oxumaq”dan çox “necə düşünmək və necə tətbiq etmək” olmalıdır.
Bu günün tələbəsinə Java, Python, mühəndislik, dizayn və ya tarix öyrətmək yetərli deyil. Onun analiz etməyi, qərar verməyi, təqdim etməyi və komanda ilə işləməyi bacarması vacibdir. Ali məktəblər kardinal dəyişiklik etməsə biz gələcəyin deyil, keçmişin məzunlarını yetişdirmiş olacağıq. Təhsil yalnız informasiya ötürmək deyil.
O zehni azad etmək, bacarıqları inkişaf etdirmək, düşünməyi öyrətmək sənətidir. Mövcud proqramlar bu sənəti öyrətmir. Zaman dəyişir, ali təhsil də dəyişməlidir. Yoxsa diplomlar kağız, vaxt isə itkiyə çevriləcək”.
Nigar Abdullayeva
“Cebheinfo.az”