Evlənənlərin yarısı niyə boşanır? - ŞOK SƏBƏBLƏR

Evlənənlərin yarısı niyə boşanır? - ŞOK SƏBƏBLƏR

“Son illərdə evlənənlərin demək olar ki, yarısı boşanır”.

Bu sözləri sosial psixoloq, ailə məsləhətçisi İlhamə Mustafayeva “Cebheinfo.az”-a açıqlamasında deyib.

O bildirib ki, boşanmaların bir çox səbəbi var:

“Məsələn, sosial şəbəkələrdə həddindən artıq vaxt keçirmək və orada gördüyü həyatı istəmək əsas səbəblər sırasındadır. Hətta bəzi insanlar sırf sosial şəbəkələrə paylaşım hazırlamaq üçün evlənir və valideyn olurlar. 

Bəzi xanımlar isə evi yığışdırmağa, yemək bişirməyə vaxtlarının olmadığını deyirlər, amma saatlarla rəfiqələri ilə restoranlarda otururlar. Necə vaxtları yoxdur ki, rəfiqələri ilə harasa gedirlər? 

Kişilərdə də eyni problem var. Evdə olmurlar, amma saatlarla çayxanda otururlar. Bu, qadın-kişi fərq etmədən evliliyin məsuliyyətini daşıya bilmədiklərini göstərir.

İnsan evlənəndə artıq “mən” yox, “biz” deyə düşünməlidir. Təbii ki, bu, onların şəxsiyyət kimi özlərindən imtina etmələri demək deyil. Hər bir insan ailəsinin bütövlüyünün qorunub-saxlanması üçün vəzifələrinin və öhdəliklərinin olduğunu dərk etməlidir”. 

Ekspert qeyd edib ki, atasının nazlı qızı ilə, anasının ərköyün oğlunun evliliyində məsuliyyət problemləri yaşanır:

“Belə evlilikdə onların hər ikisi sadəcə “mən” mövqeyindən çıxış etdiyi üçün toqquşmalar baş verir. Məsələn, qız “bu dırnaqla yemək bişirən deyiləm” kimi qəribə sözlər deyir.Bəylər isə evləndikdən sonra da subay olduqları kimi yaşamaq istəyirlər. Yəni, hər iki tərəf məsuliyyətdən qaçır. Bəylər futbola da, çayxana da gedə bilər, amma hər şeyin bir ölçüsü var. Həyat yoldaşları öhdəliklərini icra etmədikləri üçün boşanmalar artır”.

Mütəxəssis boşanmaların digər səbəblərindən də söz açıb:

“Ailəyə valideynlərin müdaxiləsi də boşanmalara gətirib çıxara bilər. Ona görə valideynlərin üzərinə düşən məsuliyyət də çox böyükdür. Onlar da bu yöndə uşaqlarına düzgün tərbiyyə verməlidirlər. Həmçinin, bəzi xanımların bahalı istəkləri də ailədə problemlərə yol açır. 

Məsələn, oğlanın 500-600 manat maaşı olmasına baxmayaraq, xanımı ondan bahalı nələrsə almasını istəyir. Onlar alınmadıqda isə sosial şəbəkələrdə digər xoşbəxt qadınları görəndə qısqanır.

Bu səbəbdən də boşanmaq istəyir. Eyni zamanda, bəzi kişilər isə öz həyat yoldaşına diqqət etmir, amma sosial şəbəkələrdəki və ya çöldəki digər xanımlara baxır. Belə səbəblər isə sonda ailənin dağılmasına gətirib çıxarır”.

Onun sözlərinə görə, sevgisizlik və ya diqqətsizlik də ailələrin dağılmasının əsas səbəblərindəndir:

“Əslində, boşanmaların səbəbləri kifayət qədər çoxdur. Günümüzdə gənclər sanki ailəni “şou”ya çeviriblər. Hər kəs sadəcə nələrisə göstərməyə çalışır. Gənc cütlüklərin əksəriyyəti ailələrində hər şeyin super olduğunu bildirir.

Məsələn, xanım əri ilə problem yaşasa da, zorla onun əlini onun əlinin üzərinə qoyaraq şəkil çəkib paylaşır. Bununla da çox mehriban olduqlarını göstərir.

Başqa xanımlar da həmin kişinin xanımına diqqət göstərdiyini düşünərək, öz həyat yoldaşından da bənzər addımlar göstərməsini tələb edir. Nəticədə, ailədaxili problemlər yaşanır. Hər kəs fərd kimi xoşbəxt olmaq istəyir. Lakin evlilikdə birlikdə xoşbəxt olmağı düşünmək lazımdır”.

Elmir Mustafa
“Cebheinfo.az”