Anar məhkəməyə verdiyi şairdən təzminat istəyir

Anar məhkəməyə verdiyi şairdən təzminat  istəyir

Xəbər verdiyimiz kimi, bir müddət öncə şair İlham Qəhrəman Azərbaycan Yazıçılar Birliyi (AYB) və sözügedən qurumun sədri, Xalq yazıçısı Anar Rzayevə qarşı ittihamlar səsləndirib. 

Bundan sonra Yazıçılar Birliyi keçmiş üzvü, şair İlham Qəhrəmanın iddiaları ilə bağlı mülki qaydada məhkəməyə müraciət edib. Məhkəmə prosesi aprelin 10-da keçiriləcək. Azərbaycan Yazıçılar Birliyi məhkəməyə hansı tələblərlə müraciət edir?

Məsələ ilə bağlı Azərbaycan Yazıçılar Birliyinin (AYB) mətbuat katibi Xəyal Rza “Cebheinfo.az”-a məhkəmə iddialarının detalları barədə məlumat verib. Xəyal Rza qeyd edib ki, məhkəmədə əsas tələb yazının müəllifi İlham Qəhrəmanın üzrxahlıq etməsidir. 

“İddia ərizəsində göstərilib ki, müvafiq saytlarda yayımlanan o yazıların dərc edildiyi platformalarda üzr istənilməsi təmin edilsin. Sözügedən məsələdə əsas tələb yazının müəllifi İlham Qəhrəmanın üzrxahlıq etməsidir.

Eyni zamanda, müəyyən məbləğdə təzminat da tələb olunur. Tələb olunan təzminat məhkəmə qərarı ilə təsdiqləndikdən sonra "YAŞAT" Fonduna bağışlanacaq. AYB-nin hüquqşünasları məsələ ilə bağlı hüquqi prosesi davam etdirir”. X. Rza vurğulayıb ki, burada əsas məsələ saytların deyil, yazının müəllifinin üzrxahlığıdır. 

Əfsanə Rəcəb
“Cebheinfo.az”