Firudin Cəlilovla açıq söhbət: “Evimə gələn oğrular Elçibəyi söyərək düşüb gediblər”

Son vaxtlar ən çox müzakirə olunan sahələrdən biri təhsildir. Orta ümumtəhsil məktəblərində, qəbul imtahanlarında, universitetlərdə bir çox nöqsanların olduğu deyilir. Məsələnin ictimai yükü və aktuallığını nəzərə alaraq, “Cebheinfo.az”-ın suallarını keçmiş təhsil naziri, professor Firudin Cəlilov cavablandırıb.
Müsahibənin ikinci hissəsini təqdim edirik.
Müsahibənin birinci hissəni buradan oxuya bilərsiniz:https://cebheinfo.az/musahibe/firudin-celilovla-aciq-sohbet-dusunurdum-ki-hakimiyyetde-bir-nece-il-qalib-sonra-testi-deyiseceyik_349
-Məktəblərdə "Son zəng" yaxınlaşır. Sizin belə bir fikriniz vardı ki, son zəngə qadağa olmamalıdır. Qadağanın olmaması məktəblərdə neqativ halların daha da genişlənməsinə gətirib çıxarmazmı?
“Bizdə uşaqlar məktəbə zorla gedir”
-Mən xaraktercə demokratam. O yaşda uşaqlar, gənclər nə qədər sərbəst olsalar, o qədər yaxşıdır. Sıxma-boğma, nəzarət altında saxlamaq doğru deyil. Uşaq uşaqlığını yaşamalıdır. Bizə Allah bir dəfə ömür verib. Bizi yaradan deyib ki, uşaqlıq dövrünü uşaq kimi, gənclik dövrünü gənc kimi yaşa, evləndin çox gözəl, ailən oldu, ona bax, qocaldın, özünü ağsaqqal kimi apar. Yəni, bu, yaşam tərzidir. Buna müdaxilə etmək olmaz. Uşaqları sərbəst buraxmalıyıq. Mənim o vaxt imkanın olmadı, iki dəfə Finlandiyaya getmək istədim. Birində büdcədə vəsait olmadı. Sonra da hakimiyyət dəyişikliyi oldu, gedə bilmədim. Məqsədim Finlandiyada məktəb sistemini öyrənib, gəlib burada tətbiq etmək idi. Finlandiyada uşaqlar məktəbə gülə-gülə, oynaya-oynaya gedirlər.
Səhər yeməkdən sonra deyirlər ki, tez gedək məktəbə. Çünki məktəb onları çəkir. Bizdə uşaqlar məktəbə zorla gedir. Çünki əziyyət çəkir. "Bu formada otur, səsini çıxartma, filan paltarı geymə, düz dayan" kimi qaydalar var. Mənim kiçik nəvəm bu qaydalara baxmır. Müəllim anasına şikayət edir ki, uşaq dərsdə birdən mahnı oxuyur, uşaqlar da baxır. Müəllim onu tanıyır, uşaqlara deyir ki, işiniz olmasın. Yaxud dərsdə sinifdə durub gəzir. Yəni, özünü sərbəst aparır, onu qınamaq olmaz. Əksinə, elə etmək lazımdır ki, sinifdə bütün uşaqlar sərbəst olsun, sıxılmasınlar, məktəbə həvəslə getsinlər, dərsi də maraqla öyrənsinlər. Qorxuyla öyrəndiyinin heç bir əhəmiyyəti yoxdur.
O, beş gündən sonra yaddan çıxacaq. O cümlədən "Son zəng" də ömürdə bir dəfə olur. İstəyirlər "Yallı" oynasınlar, istəyirlər bulvarda gəzsinlər, istəyirlər "piknik" etsinlər. Gənclərə azadlıq vermək lazımdır. Sən ona azadlıq versən, o, sənə hörmət edəcək. Onu sıxışdıranda könlündə inciklik qalır. İnsanın qəlbində nə qədər inciklik qalırsa, paxıllıq, adam satmaq kimi amillər yaranır. Mənim başıma gəlib. Ən yaxın dostlarım, mənim evimdə olan adamlar müəyyən dairələrə mənim haqqımda məlumat yazıblar. Onları qınamadım. Çünki o tərbiyə ilə gəliblər. Bütün bunları görən biri kimi deyirəm ki, gənclərə azadlıq verilməlidir.
“Direktor özünə “pudra, kraska” almaq üçün pul yığırsa...”
-Professor Misir Mərdanov bildirib ki, hər məktəbə şagirdin sayına görə pul ayrılmalıdır, təhsilə can yandıran direktorlar çarəsiz qalaraq valideynlərdən 5-10 manat yığır. Adambaşına pul ayrılarsa, hər şey qaydasına düşəcək. Bu qayda tətbiq edilərsə, problem həllini tapacaqmı?
- Əgər məktəb direktoru özünə “pudra, kraska” almaq üçün pul yığırsa, bu, yaxşı iş deyil. Ancaq hansısa bir tədbir keçirmək üçün pul yığırsa, buna niyə pis baxmaq lazımdır? Hansı valideynin imkanı var, kömək etsin, övladı orada oxuyur, günü xoş keçsin. Yəni, buna rüşvət kimi baxmaq düz deyil. Baxır hansı məqsədlə yığılır. Məsələn, qadın müəllimədir, 8 Martdır, uşaqlar da bu müəlliməni sevir. Neynəsinlər? Biri gül, digəri tort alır. Mənim kiçik nəvəm müəlliməsinə bir şokolad verib. Müəllmi deyib ki, mənə rüşvət təklif edirsən? Nəvəm deyib ki, müəllim, bu, mənim sizə sevgimdir.
Yəni, şagird müəlliminə gül alırsa, bu rüşvət deyil. Ona öz sevgisini, hörmətini, məhəbbətini göstərir. Ancaq əksinə, müəllim məcburi olaraq hər bir şagirdə “Valideyninə denən bu qədər pul versin” deyirsə, ayrı məqsədlə yığırsa, o cəzalanmalıdır. Bunun üçün də hər məktəbdə Pedoqoji Şura olur. Müəllimlər, valideynlər də orada iştirak edir. Misir müəllimin dediyində bir həqiqət var. Misir müəllim təhsili bilən, işləyən adamdır. Biz bir yerdə universitetdə işləmişik. Onu universitetə mən prorektor göndərmişəm, Təhsil Nazirliyində mənim müavinim idi.
Onunla o mənada razılaşıram, hələ o vaxt qanuna saldıq ki, hər məktəbin özünün bank hesabı olmalıdır. Şagirdlərin sayına, məktəbin vəziyyətinə görə dövlət o banka hər ay pul keçirməlidir ki, müəllimlərə maaş verilsin. Bir də imkanı olan valideynlər öz xoşu ilə, məsələn, 10 min dollar keçirir ki, məktəb inkişaf etsin. Ancaq bu qanunu icra etmədilər. Təhsil cəmiyyətin ən vacib sahəsidir ki, hamı oradan gəlib keçir. Ona görə də o mühit sağlam olmalıdır ki, ordan gəlib keçənlər sağlam işləyə bilsinlər. Bunu da düzəltmək çox çətin deyil.
Çox asan yolları var. Sadəcə istəmək, siyasi iradə lazımdır. Türkiyədə Osmanlı dönəmində bir təhsil naziri olub. Onu yeni təyin etdikdə soruşublar ki, necə vəzifədir?. Deyib ki, bu məktəblər olmasa, əla vəzifədir.
-İndi əsas tənqid hədəflərindən biri də elm və təhsil naziri Emin Əmrullayevdir. Onu o qədər də peşəkar olmadığı üçün tənqid edənlər də var. Sizcə, təhsil naziri uzun illər bu sahədə çalışmış, daha çox təcrübəsi olan bir şəxs olmalıdır?
“Görəcəksiniz ki, Eminin çiyinə necə ağır yük qoyublar”
- Təcrübəsi olan da təyin ediblər, bir xeyir görməmişik. Emin bəyi mən yaxşı tanıyıram. Yaxın dostluğumuz yoxdur. Mənim divar qonşumdur. Abırlı oğlandır, gəncdir, işləmək istəyir, enerjilidir. Təbii ki, ona kömək etmək lazımdır. Təhsil ən mürəkkəb sahədir. Hansı təhsil nazirindən soruşsan ki, sənin nə qədər müəssisən var, ömründə onu deyə bilməz. Çünki o qədər universitet, texnikum, peşə məktəbi, orta məktəblər var ki, böyük bir şəbəkədir. Yaxşı, bunu veribsiz ki, Əmrüllayev idarə eləsin, bəs AMEA-nın institutlarını niyə gətirib yükləmisiz? Ən böyük səhv odur.
Yəni, Emin bəy təhsildə nəsə edə bilər, etmək də istəyir, ancaq AMEA-nın institutlarını yükləmək o deməkdir ki, həm elmin, həm təhsilin belini qırdılar. O, indi Elmi Şura keçirməlidir, kimlərlə? Yəni, 10-15 akademik gəlməlidir, bu, onlara yol göstərməlidir. Elmi dərəcəsi olmayan adam akademiklərə dərs keçməlidir. Bu səhnəni gözünüzün qarşısına gətirdikdə görəcəksiniz ki, Eminin çiyninə necə ağır yük qoyublar. Onu tənqid edənlər bunu başa düşməlidir. Onu bu vəziyyətə salanları tənqid etmək lazımdır.
-Məktəblərdə şagirdlərin aqressiv, qeyri-etik davranışları müşahidə edilir. Bunu bəzən valideynlərin düzgün tərbiyə verməməsi, yaxud məktəblərin artıq bu funksiyanı yerinə yetirməməsi, bəziləri də zamanla bağlayır. Bu gün onlar həqiqətən də "zəmanə gəncləri"dirmi?
-Mən bu fikirlə razı deyiləm. Biz də uşaq, gənc olmuşuq. Bizim yaşadığımız o dövrlə indiki dövrü müqayisə edəndə dağlar qədər fərq var. İndikilərin bildiyinin 10 faizini biz o vaxt bilmirdik. İndiki gənclər şox şey bilir. Əllərində mobil telefon, sosial şəbəkələrə baxırlar. İndiki gənclərin dünyagörüşü ilə əvvəlki gənclərin dünyagörüşü fərqlidir. Bunlarda aqressivlik hiss etmirəm. Əksinə, dünyagörüşü geniş olduğu üçün topluma daha açıqdırlar. Hər yerdə “yaramaz” olur.
Deyək ki, 100 nəfərin içində 3 nəfər “yaramaz” varsa, bu, bütün 100 nəfərə aid edilə bilməz. Həmin 3 nəfərin yetişdiyi ailə mühitidir, məhəlləsidir, baxır harada formalaşaıb. Bəlkə də genlə gəlib. Onlara görə 97 nəfəri günahlandırmaq olmaz.
“Elçibəy məndən soruşdu ki, orta məktəb müəllimini niyə müavin təyin edibsən?”
-Son illər müəllimlər sertifikasiyadan keçirilir və imtahanlarda uğur qazana bilməyənlər də var. Sizcə bir sözün yazılışını düzgün yaza bilməyən müəllim peşəsində saxlanılmalıdırmı?
-Bu, bir az mübahisəli məsələdir. Mən onun tərəfindəyəm ki, müəllim savadlı olmalıdır. Onun savadı nə ilə ölçülməlidir? Yenə qeyd edirəm, əsas meyar kimi məktəbdəki müəllim kollektivi, valideynlər şurasının münasibətini götürmək lazımdır. Mən nazir olanda bir nəfəri özümə müavin gətirdim. Mərhum Elçibəy məndən soruşdu ki, orta məktəb müəllimini niyə müavin təyin edibsən? Dedim yoxlamışam, onun məktəbində bütün müəllimlər ondan razıdır. Çünki dərs saatlarını bu adam özü bölmür. Çağırır valideynləri və soruşur ki, sən hansı müəllimləri istəyirsən?
Nəticədə valideynlər öz övladlarını hansı müəllimə etibar edirlərsə, onu seçirlər. Ondan sonra tədris saatı bəlli olur ki, kimə 20 saat, kimə 15 saat dərs verirlər. Burada söz-söhbət olmur. Ədalətli bölgü gedir. Demək bu insan orta məktəb sistemində bir yenilik yaradib. Mən də onu vəzifəyə gətirirəm ki, orta məktəb sistemində bu cür yeniliklər etsin. Məndən sonra onu da çıxartdılar, Fransaya getdi.
Bizdə məmurlar təşəbbüs etməyə qorxurlar. Ancaq mən bunun əksini düşünürəm. Hər bir adam öz vəzifəsində təşəbbüskar olmalıdır. O vəzifədə oturubsansa, yollar axtarmalısan. Yoxsa, oturub düşünür ki, birdən mən bunu edərəm, yuxarıda xoşları gəlməz. O zaman inkişaf getmir. Bu mənada təşəbbüsü olan insanları vəzifəyə qoymaq lazımdır. Bu gün müəllimləri seçdikləri mexanizmi mən bilmirəm. Ona görə deyə bilmərəm doğrudur, ya yox. Ancaq müəllimlərin seçimini mən köhnə qayda ilə valideynlərə həvalə edərdim.
“Təklif olsa, mən özüm də gedərəm”
-Bölgələrdə müəllim çatışmazlığı var. Bu gün müəllimlər əsasən Bakıda qalıb çalışmağa üstünlük verirlər. Təhsil sistemində yenidən təyinat mümkündürmü?
-Bunun çox asan yolu var. Müəllimlərə güzəştlər tətbiq etmək lazımdır. Məsələn, uzaq bir kənddə ingilis dili müəlliminə ehtiyac var, amma heç kim getmək istəmir. O məktəbin direktoru elan verir ki, kim gəlsə, 10 sot torpaq veriləcək, qaldığı evdə kirayə haqqı ödəməyəcək, ona toyuq-cücə alıb verəcəyik ki, həyətində saxlasın, maaşını da ikiqat verəcəyik. Getməyəcəklər o zaman?
Deyək ki, mən Bakıda yaşayıram, hər gün gedib Sumqayıtda dərs deyib qayıtmalıyam. Bu, mənim üçün zülmdür. O, harada dərs deyirsə, orada ona ev tutmaq lazımdır. Sabah orda evlənsə, köməkləşib ev tikmək lazımdır. Mən həmişə gənclərə deyirəm ki, gedin kəndə. Burada nə var? Gedin əkin, biçin, toyuq-cücə saxlayın. Yəni, bu şəhər axınının yönünü dəyişmək lazımdır. Bakı boğulur. Biz 60-70-ci illərdə bir saat oturub gözləyirdik ki, bəlkə maşın tapıb stadiona gedə bildik. Universitetlərin çoxunu rayonlara vermək lazımdır. O vaxt Qubada, Lənkəranda filiallar var idi ki, onların hamısını müstəqil universitetlər etdim.
Qoy orada ali məktəbə daxil olanlar orada qalıb oxusunlar. Təyinatla mümkün deyil. İcra başıçıları, bələdiyyələr tərəfindən məktəb direktorlarına imkan yaradılmalıdır ki, edilən güzəştlərlə bağlı elan versinlər. O zaman müəllimlər bölgələrə gedəcəklər. Təklif olsa, mən özüm də gedərəm.
“Mənə evdar qadına verilən pensiya həcmində pensiya verirdilər”
-Son sualımız təhsildən bir qədər kənar sual olacaq. Ölkəmizdə sabiq məmurların bir çoxu gördüyü işlərlə deyil, topladığı sərvətlərlə yadda qalır. Siz keçmiş nazir olaraq necə dolanırsız?
-Çox gözəl dolanıram. Niyə? Çünki çox şeyə, lüks yaşamaq ehtiyacım yoxdur. Nəyə ehtiyacım varsa, hər şey var. Əsas ehtiyacım kitablardır. Kitabxanamda olan kitabların hamısı böyük xərclərdir. Ölkədə heç kimdə olmayan kitablar əlimin altındadır. Mənə o lazımdır, o da varımdır. Başqa nəyisə neynirəm? Mənə lazımdır ki, burda qızıldan nəsə olsun? Normal insana nə lazımdısa varımdır.
Hətta mənə evdar qadına verilən pensiya həcmində pensiya verirdilər. Sonradan yavaş-yavaş qaldırdılar. Bununla razılaşmaq lazımdır. Dünya malını heç bir nazir özü ilə aparmır. Türkiyədə çox məşhur bir milyarder var idi. Ankarada qızlar üçün 20 mərtəbəli yataqxana tikib ki, bölgələrdən gələn qızlar başqa yerdə qalmasın. Ölənə yaxın övladlarını başına yığır, deyir sizdən bir xahişim var. Məni kəfənlə dəfn edərsiz, ancaq corablarımı çıxarmayın qalsın. O, öldükdən sonra kəfənə büküb aparanda corab geydirirlər. Ancaq molla deyir ki, corabla olmaz, çıxarın.
Övladlar onda başa düşürlər ki, atası “mən özümlə bir corab da apara bilmirəm” demək istəyib. Əmin edirəm ki, çox pulu olanlar, xüsusilə də yaramaz yollarla pul yığanlar gecələr yatanda çox pis yuxular görürlər. Səhər duranda dəli kimi olurlar. Ancaq mən rahat yatıram. Çünki elə bir problemim yoxdur ki, sabah restoranımı əlimdən alacaqlar, yaxud seximə yoxlama göndərəcəklər. Mənim belə problemlərim yoxdur. Ona görə kim ki, var-dövlət yığıb, özünü xoşbəxt sayırsa, mən onları bədbəxt sayıram. Əslində 100 faiz heç kim xoşbəxt ola bilməz.
Ən azı 60-70 faiz xoşbəxtlik odur ki, insan öz ehtiyacını təmin edə biləcək mühitdə yaşayır. Ailəsi ilə özünü xoşbəxt hiss edir. Başqa şeyləri mən xoşbəxtlik saymıram. Bir misal çəkim, mən həyat yoldaşımla Xızıdaydım. Mənim evim ordadır, burdakı oğlumun evidir. Buradan bacım oğlu zəng etdi ki, dayı, deyəsən evə oğru girib. Gəldik qapıını açdıq, içəri girdik. Gördük aləm bir-birinə qarışıb, kitabları töküblər. Mən o saat keçdim kabinetimə. Mənim varım-yoxum nə idi? O vaxt disklər vardı, kitablarımı o disklərə yazırdım. Tez baxdım ki, görüm o disklər yerindədimi?
Baxdım ki, yerindədir. Bir də otağımda divarda yeşiklərdən birini sındırıb açmışdılar. Orada tapança var idi. Onu götürməyiblər, qalmışdı orda. Keçdim gördüm yoldaşım doluxsunub, dedi ki, üzük, sırğam var idi, büküb qoymuşdum döşəyin altına, götürüblər. Dedim, canın sağ olsun. İki gün sonra həyətdə qonşularla oturub söhbət edirdik. Dedim ki, oğrular var, ehtiyatlı olun. Bizim blokdan olan bir nəfər dedi ki, o gün sizin evdən iki nəfər Elçibəyi söyərək düşüb gedirdilər. Fikirləşdim ki, Elçibəyi niyə söyürlər? Oğrulardan biri o birinə dedi ki, Elçibəyin nə günahı var?
Digər oğru dedi ki, onun naziridir də, gəlmişik, heç nəyi yoxdur. Söyüş də iki cürdür, biri gerçəkliyi əks etdirir, biri isə yox.
İmkanlı olmaq yaxşıdır. Evin, maşının, bağın olsun. Övladlarına normal gün ağlaya biləsən. Ancaq bunu ifrat dərəcəyə çatdırmaq, “mən elə bir oğul yetişdirməliyəm ki, mütləq ayı kababı yeməlidir” demək olmaz.
Lazımdırmı o cür övlad yetişdirmək, o cür yaşamaq? Uruqvayın prezidentinə baxın, bir köhnə maşını var idi, həyətdə bostan əkirdi. O, dünyasını dəyişəndən sonra hamı ona rəhmət oxuyur. Ancaq lüks maşınları, villası, 50 mühafizəçisi olsaydı, çoxu lənət deyəcəkdi. Yəni, bu fərqi çatdırmaq istəyirəm.
Nigar Abdullayeva
"Cebheinfo.az