10.4 kilometr magistral su xətti çəkilir - VİDEO

“Ceyranbatan-Abşeron-Balaxanı-Ramana-Zirə-Pirallahı magistral su kəməri və həmin kəmər boyu yerləşən mərkəzi anbarın tikintisi” ilə bağlı işlər davam etdirilir.
Bu barədə ADSEA-dan məlumat verilib.
Bakı şəhərinin, xüsusilə Abşeron yarımadasının su təchizatını yaxşılaşdırmaq məqsədilə həyata keçirilən mühüm infrastruktur layihələrindən biri də “Ceyranbatan-Abşeron-Balaxanı-Ramana-Zirə-Pirallahı magistral su kəməri və həmin kəmər boyu yerləşən mərkəzi anbarın tikintisi” layihəsidir.
Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksindən layihə üzrə yeni magistral su xəttinin inşasına Tikilməkdə Olan Obyektlərin Müdriyyəti tərəfindən başlanılıb.
Layihənin məqsədi Ceyranbatan su mənbəyindən Bakı və Abşeron ərazisinin dayanıqlı və keyfiyyətli su ilə təmin etmək və trassa boyu qəsəbələrə suyun çatdırılmasıdır. Həmçinin layihənin icrası su təchizatında təzyiqin sabitləşdirilməsinə, əhali sağlamlığının qorunmasına, regionun iqtisadi inkişafına, su təchizatı yaxşılaşan ərazilərdə sənaye və xidmət sahələrinin inkişafına və təxminən 100 mindən çox əhalinin keyfiyyətli su ilə təminatına şərait yaradacaq.
Yeni magistral su kəməri və həmin kəmər boyu yerləşən mərkəzi anbarın tikintisi çərçivəsində hər birinin tutumu 10.000 kub metr olan 4 ədəd su anbarının tikintisi nəzərdə tutulub. Hazırda 2 anbarın tikintisi üzrə işlər yekunlaşdırılıb, digərlərində isə tikinti-quraşdırma işləri davam etdirilir. Magistral su kəməri üzrə isə tikinti işləri 47% tamamlanıb.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat katibi Ceyhun Musaoğlu layihə barədə məlumat verərək diqqətə çatdırıb ki, ölkə əhalisinin keyfiyyətli içməli su ilə fasiləsiz təminatına nail olmaq məqsədilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, o cümlədən İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti tərəfindən kompleks tədbirlər həyata keçirilir. Bu baxımdan Bakı şəhəri və ətraf qəsəbələrin içməli su təminatının yaxşılaşdırılması üçün yeni infrastruktur layihələr icra olunur. Ceyranbatan-Abşeron-Balaxanı-Ramanı-Zirə-Pirallahı magistral su kəməri və həmin kəmər boyu yerləşən mərkəzi anbarın tikintisi müqaviləsi çərçivəsində Ceyranbatan Sutəmizləyici Qurğular Kompleksindən “Atyalı” su anbarına diametri 1600 millimetr polad boru ilə ümumi uzunluğu 10,4 kilometr olan magistral su kəmərinin və Balaxanı su anbarı kompleksində 4 ədəd su anbarının tikintisi nəzərdə tutulub.
İşlərin keyfiyyətlə yerinə yetirilməsi üçün texniki tələblərə uyğun olaraq boruların qaynaq edilmiş hissəsi ultrasəs aparatı vasitəsilə yoxlanılır və hər bir qaynaq tikişi üçün fərdi rəy verilir. Nəql olunacaq suyun keyfiyyət göstəricilərinin yüksək saxlanması və korroziyanın qarşısını almaq üçün kəmərlərin çəkilişində istifadə olunan borular daxildən xüsusi boya ilə örtüklənib.
Anbarlar haqqında məlumat verən Ceyhun Musaoğlu bildirib ki, Ceyranbatan-Abşeron-Balaxanı-Ramanı-Zirə-Pirallahı magistral su kəməri və həmin kəmər boyu yerləşən mərkəzi anbarın tikintisi layihəsi çərçivəsində işlərin artıq 50 faizi icra olunub. Çəkilən boruların üstü torpaqlanıb. Layihə çərçivəsində hazırda 2 su anbarının tikintisi üzrə funksionallıq təmin olunaraq istismara verilib. Digər anbarın isə son tamamlanma - tikinti-quraşdırma işləri davam etdirilir. Bundan başqa magistral su kəmərinin 47 faizlik hissəsində boru quraşdırma işləri yekunlaşıb və hazırda kəmərin qalan hissəsində qazıntı, qaynaq və boruların xəndəyə düzülməsi işləri həyata keçirilir.
Tədbirlər planına uyğun olaraq, ölkə əhalisinin keyfiyyətli içməli su ilə fasiləsiz təminatına nail olmaq məqsədilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən kompleks tədbirlər həyata keçirilir.
"Cebheinfo.az"