Putin İstanbula niyə onları göndərdi: Siyahıdakı ilginc adlar

Putin İstanbula niyə onları göndərdi: Siyahıdakı ilginc adlar

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Ukrayna ilə keçiriləcək sülh danışıqları üçün Türkiyəyə güclü bir nümayəndə heyəti göndərib. 

"Cebheinfo.az" xəbər verirki, Kreml 14 may gecə yarısı heyətdə iştirak edəcək şəxslərin adlarını açıqlayıb. Heyətə Kreml müşaviri, Ukraynada  dünyaya gələn Vladimir Medinski rəhbərlik edir. 

Medinski, 2022-ci ildə uğursuzluqla nəticələnən sülh danışıqlarını da idarə etmişdi. Moskva Beynəlxalq Münasibətlər İnstitutunun məzunu olan Medinski Putinin tarix baxışlarını əks etdirən dərsliklərin hazırlanmasında mühüm rol oynayıb. 

Həmin dərsliklərdə Sovet İttifaqının uğurları təriflənir, süqutu isə alçaldıcı bir hadisə kimi təqdim olunur və Putin dövründə Rusiyanın “yenidən doğulması” vurğulanır. O, eyni zamanda, radikal milliyyətçi mövqeyi ilə tanınan Rusiya Hərbi Tarixi Cəmiyyətinin də rəhbəridir. Heyətdə yer alan xarici işlər nazirinin müavini Mixail Qaluzin keçmiş Sovet respublikaları ilə münasibətlərə cavabdehdir. 

O, yapon və ingilis dillərini bilir. Müdafiə nazirinin müavini Aleksandr Fomin də 2022-ci il Ukrayna danışıqlarında iştirak etmiş təcrübəli şəxsdir. Ən çox diqqətçəkən adlardan biri isə Rusiya hərbi kəşfiyyat orqanı “GRU”-nun direktoru İqor Kostyukovdur. Dünyanın ən güclü kəşfiyyat qurumlarından birinə rəhbərlik edən Kostyukov “GRU”-ya rəhbərlik edən ilk dəniz zabiti kimi tanınır. Heyətdə iştirak edən digər şəxslər isə bunlardır: 

Aleksandr Zorin – Baş Qərargahın informasiya idarəsinin sədr müavini, Ukraynada dünyaya gəlib və Suriyadakı Rusiya əməliyyatlarında mühüm rol oynayıb; 

Yelena Podobreyevskaya – Kreml Administrasiyasının humanitar siyasət şöbəsinin sədr müavini; 
Aleksey Palişçuk – Xarici İşlər Nazirliyinin Belarus, Ukrayna və Moldova üzrə idarəsinin rəhbəri; 
V. Şevtsov – Müdafiə Nazirliyinin beynəlxalq hərbi əməkdaşlıq şöbəsinin sədr müavini; 

Prezident Putinin təyin etdiyi bu heyət yüksək səviyyəli siyasi, hərbi və kəşfiyyat rəsmilərindən ibarətdir və bu, Rusiyanın danışıqlara verdiyi əhəmiyyətin göstəricisidir. 

Əfsanə Rəcəb 
"Cebheinfo.az"