Qarabağ Universitetində yeni təşkilat təsis edilib

Qarabağ Universitetində yeni təşkilat təsis edilib

Qarabağ Universitetində Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ) üzv təşkilatının təsis edilməsi münasibətilə tədbir keçirilib. 

“Cebheinfo.az” xəbər verir ki, tədbirdə Qarabağ Universitetinin rəhbər və professor-müəllim heyəti, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ) rəsmiləri, universitetin tələbələri və media nümayəndələri iştirak ediblər.

Qarabağ Universitetinin rektoru Şahin Bayramov tədbirdə açılış nitqi ilə çıxış edərək Qarabağ Universitetində Həmkarlar İttifaqı Komitəsinin (HİK) yaradılmasının universitetin sosial-mədəni həyatında əlamətdar hadisə olduğunu bildirib.

Rektor HİK-in üzv təşkilatının təsis edilməsinin Universitetin gələcək inkişafına hədəfləndiyini vurğulayaraq qeyd edib ki, Komitənin fəaliyyətində həm əməkdaşlar, həm də tələbələr üçün həssas yanaşma mövcuddur. 

Ş.Bayramov HİK-in gələcək planlarından bəhs edərək fəal tələbələr üçün yeni imkanların yaradılmasını təklif edib.

ATİAHİ Respublika Komitəsinin sədri Araz Paşayev Qarabağ Universitetində çıxış etməyin onun üçün böyük qürur olduğunu qeyd edib. A.Paşayev diqqətə çatdırıb ki, HİK əmək hüquqlarının müdafiəsi ilə yanaşı, eyni zamanda universitet daxilində həmrəyliyin, sosial ədalətin və sağlam əmək münasibətlərinin təməlini təşkil edir.

Tədbirdə HİK-in qarşıya qoyduğu əsas məqsədlər, işçilərin sosial rifahının yaxşılaşdırılması, əmək şəraitinin inkişaf etdirilməsi, asudə vaxtın səmərəli təşkil olunması və maarifləndirmə tədbirlərinin keçirilməsi ilə bağlı məlumatlar verilib.

Sonra Qarabağ Universitetində təsis olunan HİK-in təşkilatına idarə heyəti, sədr və təftiş komissiyasının üzvləri seçilib.

Nigar
“Cebheinfo.az”