“22 ildir burada yaşayıram, vəziyyət dəyişmir...” - FOTOLAR

“22 ildir burada yaşayıram, vəziyyət dəyişmir...” - FOTOLAR

Yevlaxda yaşayış binalarının zirzəmiləri kanalizasiya suları ilə dolub.

Bu barədə “Qafqazinfo”ya rayonun Heydər Əliyev prospektində yerləşən 6 və 8 saylı binaların bir qrup sakini müraciət edib.

Vətəndaşların sözlərinə görə, 80 ailənin yaşadığı 2 bina şəhərin mərkəzində olsa da, cavabdeh qurumların diqqətindən kənarda qalıb: “Bu binaların zirzəmilərinə dolan çirkab suları həm rütubət yaradır, həm də binaları qəzalı vəziyyətə salır. Binaların zirzəmilərinin kanalizasiya sistemləri işləmir, əziyyətini də biz sakinlər çəkirik. Aidiyyəti qurumlara dəfələrlə müraciət ünvanlasaq da, heç bir nəticə yoxdur. Artıq 10 ildən çoxdur ki, burada vəziyyət eynidir”.

Bina sakini Böyükxanım Qazıyeva bildirib ki, bu problem həll edilməsə, evləri yararsız hala düşəcək: “Hətta qızım bizə qonaq gələndə qala bilmir, deyir ki, belə yaşamaq olmaz. Pis qoxudan yatmaq olmur”.

Digər şikayətçi Sübhan Şirəliyev isə suyun təmizlənməsi üçün sakinlərlə birgə öz vəsaitləri hesabına nasos aldıqlarını deyir: “Nasosla da buranı təmizləmək mümkün olmadı. 22 ildir burada yaşayıram, binanın zirzəmisi bərbad vəziyyətdədir. Hər dəfə özümüz problemin aradan qaldırılması üçün cəhdlər edirik, lakin nəticəsiz qalır”.

Məsələ ilə bağlı Yevlax Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinə müraciət etdik. Qurumun Su və kanalizasiya şəbəkələrinin istismarı sahəsinin rəisi Akif Məlikov sorğumuza cavab olaraq bildirdi ki, həmin binalarda problem yarandığı zaman operativ tədbir görülür: “Zirzəmilərdə problem yarandıqda dərhal köməklik göstərilir. Hazırda Heydər Əliyev prospektində yerləşən 6 və 8 saylı binaların zirzəmilərində kanalizasiya xətlərində problem var. Bunun həll olunması üçün siyahı tərtib edilərək Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə təqdim edilib. Qısa zamanda sözügedən binaların zirzəmilərində kanalizasiya xətlərinin dəyişdirilməsi bizim tərəfimizdən həyata keçiriləcək”.

"Cebheinfo.az"