Krım qaranlıqda
Krımda elektrik şəbəkələrində həddindən artıq yüklənmənin qarşısını almaq və mümkün nasazlıqları önləmək məqsədilə enerji təchizatında məhdudiyyət tətbiq olunub.
"Cebheinfo.az" xəbər verir ki, “Krımenerji” şirkəti regional dispetçer mərkəzinin göstərişi ilə elektrik kəsintilərinin mərhələli şəkildə həyata keçiriləcəyini açıqlayıb.
Şirkətin yaydığı məlumata görə, enerji məhdudiyyəti “məcburi tədbir” kimi qiymətləndirilib. Bildirilib ki, tətbiqin əsas məqsədi şəbəkələrdəki yükü azaltmaq və enerji sistemində yarana biləcək fövqəladə halların qarşısını almaqdır.
Qeyd olunub ki, elektrik kəsintiləri saatlıq qrafik əsasında deyil, ehtiyac yarandıqda seçimli şəkildə həyata keçiriləcək. Elektrik təchizatının tam bərpasının isə müvafiq göstəriş verildikdən sonra mümkün olacağı bildirilib.
Bu qərar Sevastopol qubernatoru Mixail Razvojayevin daha əvvəl şəbəkədə həddindən artıq yüklənmənin qarşısını almaq məqsədilə elektrik kəsintisi planlarının tətbiq edildiyini açıqlamasından sonra gündəmə gəlib. Qubernator qərarın enerji sistemi operatorunun göstərişi əsasında qəbul edildiyini deyib.
Rəsmilər əhalini elektrik enerjisinə qənaət etməyə çağırarkən, bölgədəki kəsintilərin nə qədər davam edəcəyi ilə bağlı hələlik dəqiq məlumat yoxdur.
Nigar Hacılı
"Cebheinfo.az"

