Ölənlərin sayı 300-ü ötdü
Konqo Demokratik Respublikasında (KDR) mayın 15-də elan olunan Ebola salgınında təsdiqlənmiş yoluxma sayı 1155-ə, ölənlərin sayı isə 304-ə çatıb.
"Cebheinfo.az" xəbər verir ki, KDR Rabitə Nazirliyinin yaydığı açıqlamada belə bildirilir. Epidemiyanın başladığı tarixdən bu günədək 1155 təsdiqlənmiş yoluxma halı qeydə alınıb, 304 nəfər virus səbəbindən həyatını itirib, 138 nəfər isə sağalaraq evə buraxılıb.
Açıqlamada 318 nəfərin müalicəsinin davam etdiyi vurğulanıb. Ümumi statistikaya əsasən, epidemiyadan ölüm faizinin 26,3 olduğu qeyd edilib.
Bununla yanaşı, KDR və Uqandanın xüsusilə Aru bölgəsində laboratoriya imkanları və klinik müdaxilə potensialını gücləndirməyə yönəlmiş 90 günlük ortaq sərhədlərarası Ebola ilə mübarizə planına başladığı bildirilib.
Qonşu Uqandada isə Səhiyyə Nazirliyi 20 Ebola yoluxmasının qeydə alındığını və 2 nəfərin virus səbəbindən öldüyünü açıqlayıb.
Xatırladaq ki, KDR-nin şərqində yerləşən İturi əyalətində 246 şübhəli yoluxma və 65 ölüm halının qeydə alınmasından sonra mayın 15-də ölkədə Ebola epidemiyası elan edilib.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) isə mayın 17-də Ebola səbəbindən beynəlxalq ictimai səhiyyə üzrə fövqəladə vəziyyət elan edib.
Səhiyyə rəsmilərinin məlumatına görə, hazırkı epidemiya nadir Ebola növlərindən biri hesab edilən “Bundibugyo” virusundan qaynaqlanır və bu varianta qarşı təsdiqlənmiş müalicə və ya peyvənd mövcud deyil.
Qeyd edək ki, qanaxmalı qızdırmaya səbəb olan Ebola virusu ilk dəfə 1976-cı ildə Sudanın Nzara və KDR-nin Yambuku şəhərlərində eyni vaxtda aşkarlanıb.
KDR-dəki epidemiya Ebola çayının yaxınlığındakı kənddə başladığı üçün xəstəliyə həmin çayın adı verilib.
Ebola virusu 2013-cü ilin dekabrında Qərbi Afrikada yayılmışdı. 2014–2017-ci illərdə Qvineya, Liberiya və Sierra-Leonedə baş verən epidemiyada 30 min nəfərə virus yoluxmuş, 11 mindən çox insan həyatını itirmişdi.
Nigar Hacılı
"Cebheinfo.az"

