108 illik qürur tariximiz
Bu gün Azərbaycan Ordusunun yaranmasının 108 ili tamam olur. Azərbaycan xalqı böyük qürur və iftixar hissi ilə Silahlı Qüvvələr Gününü qeyd edir.
Bir əsrdən artıq tarixə malik olan Ordumuz bu gün müstəqilliyimizin, suverenliyimizin və ərazi bütövlüyümüzün ən etibarlı təminatçısı, xalqımızın qürur mənbəyidir. Bu şərəfli tarix təkcə hərbi salnamə deyil, həm də xalqımızın mübarizə əzminin, dövlətçilik iradəsinin və Vətən sevgisinin parlaq təcəssümüdür. Azərbaycan Ordusunun gücü bu gün dünya ölkələri tərəfindən təqdir edilir və təsadüfi deyil ki, ordumuz dünyanın ən güclü orduları sırasındadır.
Azərbaycan Ordusunun tarixi və siyasi əhəmiyyəti ilə bağlı "Cebheinfo.az"-a açıqlamasında ehtiyatda olan polkovnik, hərbi-ekspert Üzeyir Cəfərov bildirib ki, hər bir dövlətin yaşaması, fəaliyyət göstərməsi üçün ən vacib şərtlərdən biri onun öz müdafiəsini və təhlükəsini təmin etməsidir və o qurum da Silahlı Qüvvələrdir:

"Ordumuz bu 108 ildə çox çətin və keşməkeşli yol keçib. Belə ki, ötən əsrdə və XXI əsrdə yaşadıqlarımız böyük bir tarixi yoldur. Bu yolda uğurlarımız da, uğursuzluqlarımız da olub. 1990-cı ildə müstəqillik dövründə müəyyən uğur əldə etmişik. Ancaq sonuncu uğurumuz kimi, 2020-ci ildə 30 ilə yaxın işğal altında qalan ərazilərimizi düşməndən geri almışıq.
Bu gün həmin ərazilər azaddır və hazırda Xankəndində, Şuşada və digər şəhərlərdə hərbi yürüşlər keçirilir, əsgərlərimiz addımlayırlar. Bir vaxtlar bu, bizə bir arzu, xəyal kimi gələ bilərdi, ancaq bu gün reallıqdır. Ataların bir deyimi var ki, ordun varsa, yurdun var. Əlbəttə ki, güclü ordun varsa, səninlə hesablaşacaqlar. Bizə deyirdilər ki, Qarabağ məsələsinin hərbi həlli yoxdur. Ancaq biz bunu əksini sübut etdik, hərbi yolla torpaqlarımızı işğaldan azad etdik. Bu gün bizim qürur tarixmizdir".
Ekspertin sözlərinə görə, hələ xeyli işlər görülməlidir:
"Dünən Heydər Əliyev adına Hərbi İnstitutun növbəti buraxılış oldu. Ondan əvvəl DİN-in Daxili Qoşunlarının Hərbi İnstitutundan, may ayında Dövlət Sərhəd Xidmətinin Akademiyasından buraxılış oldu. Bunlar hamısı Azərbaycanın hərb tarixidir. Eyni zamanda, ölkə başçısının sərəncamı ilə 5 nəfərə general rütbəsi verildi.
İstərdim ki, Silahlı Qüvvələrimiz daim diqqət mərkəzində olsun. Çünki hərbçilərimiz yağış, qar, külək, günəş, bayram bilmədən xidməti vəzifələrini yerinə yetirirlər və Azərbaycanın varlığını təmin edirlər. Biz onları qorumalı, diqqət göstərməliyik. Mən də bütün ordu mənsublarını təbrik edir, onlara uzun ömür, can sağlığı arzulayıram.
Ordumuz güclü olduqca, bizimlə bütün dövlətlər, ABŞ, Fransa, Rusiya, region ölkələri də hesablaşacaq. Ordumuzu qoruyaq, ona diqqət edək ki, o da xaqımızı, dövlətimizi və dövlətçiliyimizi yüksək səviyyədə qoruya bilsin".
Nigar Abdullayeva
"Cebheinfo.az"

