"Tesla"-nın avtopilotu yenə qalmaqalda
ABŞ-nin Texas ştatının Kati şəhərində cümə gecəsi Tesla markalı avtomobili ilə hərəkət edən sürücü Mişel Butler avtomobilin avtomatik sürüş (Avtopilot) rejimini aktivləşdirib.
Lakin sistem istiqaməti səhv müəyyənləşdirərək avtomobili bir evə doğru yönəldib. Baş verən qəza nəticəsində 76 yaşlı Marta Avila yaralanıb. Ağır vəziyyətdə helikopter ambulansı ilə xəstəxanaya çatdırılan qadın burada dünyasını dəyişib.
"Cebheinfo.az" xəbər verir ki, səlahiyyətli şəxslər Butlerin bir hərəkət zolağı daxilində avtomobili idarə edə bilmədiyini, yoldan çıxdığını və Blooming Park Lane küçəsi 1907 ünvanında yerləşən evə çırpıldığını bildiriblər.
Avtomobilin sürücüsü Butlerin alkoqol və ya narkotik maddənin təsiri altında olduğuna dair hər hansı əlamətin aşkarlanmadığı qeyd olunub. Hadisə ilə bağlı istintaq davam edir.
Harris dairəsi Şerif Ofisinin çavuşu Alex Turman ABC13 Houston kanalına açıqlamasında bildirib: “Bu qəzadan dərhal əvvəl sürücünün avtomobilin sürətinə niyə nəzarət edə bilmədiyini hələ də araşdırırıq”.
Turmanın sözlərinə görə, 76 yaşlı Avila qəza baş verən zaman evin ön otağında olub. Harris dairəsi Şerif Ofisi hadisə ilə bağlı əlavə sualları cavablandırmayıb.
Nigar Hacılı
"Cebheinfo.az"


