“Valideyn himayəsindən məhrum qalmış uşaqlarla iş” layihəsinin ikinci təlimi
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və "Kimsəsiz uşaqların sosial müdafiəsi" İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən "Valideyn himayəsindən məhrum qalmış uşaqlarla iş" layihəsi çərçivəsində növbəti təlim təşkil olunub.
"Cebheinfo.az" xəbər verir ki, layihənin ikinci dərsi "Klaviatura və sürətli yazı bacarığı" mövzusuna həsr edilib. Təlimin əsas məqsədi yeniyetmələrdə kompüterdən daha səmərəli istifadə vərdişlərinin formalaşdırılması, düzgün və sürətli mətn yazma bacarıqlarının inkişaf etdirilməsi olub. Təlim zamanı uşaqlar klaviaturanın quruluşu, düymələrin funksiyaları və hər iki əlin barmaqlarından düzgün istifadə qaydaları ilə tanış olublar. Onlara sürətli yazı texnikasının əsas prinsipləri, mətn yazarkən diqqətin və dəqiqliyin qorunmasının əhəmiyyəti barədə ətraflı məlumat verilib. Praktiki məşğələ zamanı uşaqlar müxtəlif yazı tapşırıqları yerinə yetirib, xüsusi məşqlər vasitəsilə yazı sürətlərini və düzgünlük səviyyələrini artırmağa çalışıblar.
Təlim uşaqlar tərəfindən böyük maraqla qarşılanıb və onlar yeni bacarıqlar əldə etmək üçün yüksək fəallıq nümayiş etdiriblər. Mütəxəssislərin fikrincə, sürətli yazı bacarığı müasir dövrdə həm təhsil, həm də gələcək peşə fəaliyyətində vacib üstünlüklərdən biridir. Bu bacarığın erkən yaşlardan formalaşdırılması uşaqların rəqəmsal dünyaya daha inamlı inteqrasiyasına və informasiya texnologiyalarından daha səmərəli istifadə etmələrinə imkan yaradır.
Layihə çərçivəsində həftədə üç dəfə Gəncə şəhərində yerləşən Sosial Xidmətlər Agentliyinin 4 saylı Uşaq Evi Sosial Xidmət Müəssisəsindəki yeniyetmələr üçün "Qızıl Əllər" Tədris Mərkəzində, kompüterin müxtəlif mövzularında təlim və praktiki məşğələlər keçirilir. Layihənin rəhbəri Lamiyə İsazadə, təlimçisi isə Sona Hüseynlidir.
"Cebheinfo.az"


