İngiltərədə anomal istilərlə bağlı qırmızı xəbərdarlıq edilib
İngiltərədə London da daxil olmaqla ölkənin bir çox bölgəsində bu həftə müşahidə olunacaq həddindən artıq istilərə görə qırmızı xəbərdarlıq elan edilib.
"Cebheinfo.az" xəbər verir ki, İngiltərə Meteorologiya Ofisi (Met Office) bildirib ki, London, İngiltərənin cənubu, şərqi, qərbi Midlends və Uels də daxil olmaqla bir çox bölgədə həftəboyu anomal isti hava şəraiti hökm sürəcək.
Xüsusilə çərşənbə və cümə axşamı günləri İngiltərə və Uelsin böyük hissəsində təsirli olacağı gözlənilən isti hava dalğası zamanı temperaturun 37 dərəcəni keçəcəyi, bəzi bölgələrdə isə 38-40 dərəcəyə çatacağı proqnozlaşdırılır.
Yüksək temperaturla yanaşı havada rütubətin də artacağı gözlənilir. Met Office bu vəziyyətin sağlamlıq risklərini artıracağı barədə xəbərdarlıq edib.
Qurum bildirib ki, həddindən artıq isti hava gündəlik həyatda ciddi çətinliklər yarada bilər. Buna görə də ölkədə nadir hallarda müşahidə olunan bu temperatur səviyyələrinə qarşı bütün ehtiyat tədbirlərinin görülməsi tövsiyə olunub.
Qeyd edək ki, İngiltərə ötən ay da isti hava dalğasının təsiri altında qalmışdı. Həmin dövrdə ölkənin bəzi bölgələrində temperatur 35 dərəcəni keçmişdi.
Nigar Hacılı
"Cebheinfo.az"


