5000-lik horon: Türkiyə dünya rekorduna imza atır
Türk xalq mədəniyyətinin ən mühüm irslərindən biri olan horon rəqsi iyunun 28-də İstanbulun Maltəpə rayonunda keçiriləcək möhtəşəm tədbirlə Ginnesin Rekordlar Kitabına düşməyə hazırlaşır.
“Cebheinfo.az” xəbər verir ki, Türk Xalq Rəqsləri Federasiyasının təşkilatçılığı ilə keçiriləcək tədbirdə 5000 milli geyimli xalq rəqqasının eyni vaxtda horon ifa edərək yeni dünya rekordu qıracaq.
Türk Xalq Rəqsləri Federasiyasının prezidenti Hüseyn Gülər xalq rəqslərinin türk mədəniyyətinin qorunub saxlanılmasında mühüm rol oynadığını vurğulayıb:
"Mədəniyyətimizi yaşatmaq və onu gələcək nəsillərə ən güclü şəkildə ötürmək üçün böyük məsuliyyət hissi ilə müxtəlif layihələr və tədbirlər həyata keçiririk. Əsrlər boyu bu torpaqlarda yaşadılan xalq rəqslərimiz millətimizin yaddaşını, mədəniyyətini və ortaq ruhunu əks etdirir. Bizim üçün həm horon, həm də zeybək sadəcə rəqs deyil, tariximizin, mübarizəmizin və qardaşlığımızın canlı mirasıdır".
Federasiya gələcək illərdə bu tədbiri daha da genişləndirməyi planlaşdırır. Bildirilib ki, hazırda gələn il İzmirdə 10 min nəfərin iştirakı ilə daha böyük tədbirin keçirilməsi istiqamətində işlər davam etdirilir.
Əfsanə
“Cebheinfo.az”


