Rüşvət alan vəzifəli şəxsin məhkəməsi başlayır

Rüşvət alan vəzifəli şəxsin məhkəməsi başlayır

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Saatlı rayon şöbəsinin rəisi vəzifəsini icra etmiş Əhmədov Murad Məmmədhəsən oğlunun qanunsuz əməllərinə dair daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı tamamlanıb.

Bu barədə Baş Prokurorluqdan məlumat verilib.

İbtidai istintaqla Murad Əhmədovun 2024-2025-ci illərdə sözügedən vəzifədə işləyərkən sağlamlıq vəziyyətlərinə görə əvvəllər növbəti həqiqi hərbi xidmətə çağırışdan azad edilmiş şəxslərin təkrar tibbi müayinədən yayındırılması və digər məqsədlərlə ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaitini təkrarən rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Murad Əhmədova Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrarən rüşvət alma) maddəsi ilə ittiham elan edilməklə istintaq orqanının vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə barəsində həbs (əsas) və vəzifədən kənarlaşdırma (əlavə) qətimkan tədbirləri seçilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Cəlilabad Hərbi Məhkəməsinə göndərilib.

"Cebheinfo.az"