2029-cu ildə əhali siyahıya alınacaq
2029-cu ildə Azərbaycanda əhalinin siyahıyaalınması keçiriləcək.
"Cebheinfo.az" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Fərmana əsasən, Azərbaycanda 2029-cu il oktyabrın 1-nə olan vəziyyət üzrə əhalinin növbəti siyahıyaalınması həmin ilin oktyabrın 1-dən 31-dək keçiriləcək.
Əhalinin siyahıyaalınması ilə bağlı hazırlıq işlərinin görülməsi və onun keçirilməsi, yekunlarının işlənilməsi, nəticələrinin dərc edilərək yayılması Dövlət Statistika Komitəsinə həvalə edilməlidir.
Nazirlər Kabineti 2029-cu ildə Azərbaycanda əhalinin siyahıyaalınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı tədbirlər planını iki ay müddətində təsdiq etməlidir.
Əhalinin siyahıyaalınması ilə bağlı zəruri məlumatların inzibati mənbələrdən əldə edilməsi üçün aidiyyəti dövlət orqanlarının (qurumlarının) informasiya ehtiyatlarında və sistemlərində olan müvafiq məlumatlar Dövlət Statistika Komitəsinin məlumat bazasına inteqrasiya olunmalıdır.
Qeyd edək ki, sonuncu dəfə Azərbaycanda əhali 2019-cu ildə siyahıya alınıb.
"Cebheinfo.az"

