Beyləqanın Əlinəzərli kəndində fermerlər üçün aqrar sığorta təlimi keçirilib - FOTOLAR

Beyləqanın Əlinəzərli kəndində fermerlər üçün aqrar sığorta təlimi keçirilib - FOTOLAR

"Aqrar Sığorta – Güvənli Gələcək!" layihəsi çərçivəsində fermerlərin aqrar sığorta sahəsində bilik və məlumatlılığının artırılması məqsədilə növbəti maarifləndirici tədbir 6 iyul 2026-cı il tarixində Beyləqan rayonunun Əlinəzərli kəndində keçirilib.

"Cebheinfo.az" xəbər verir ki, "Liberal İqtisadçılar Mərkəzi" İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi layihənin əsas məqsədi kənd təsərrüfatı ilə məşğul olan fermerləri aqrar sığorta sistemi barədə məlumatlandırmaq, onları mövcud sığorta imkanlarından istifadə etməyə təşviq etmək və təsərrüfat fəaliyyətində risklərin idarə olunması ilə bağlı biliklərini artırmaqdır.

Təlim zamanı iştirakçılara aqrar sığortanın mahiyyəti, sığortalanan risklər, dövlət dəstəyi mexanizmləri, sığorta müqaviləsinin bağlanması qaydaları, zərər baş verdiyi hallarda müraciət prosedurları, eləcə də fermerlərin hüquq və vəzifələri barədə ətraflı məlumat verilib. Eyni zamanda iştirakçıları maraqlandıran suallar mütəxəssislər tərəfindən cavablandırılıb, mövzu praktiki nümunələr əsasında izah olunub.

Tədbirin əsas məqsədlərindən biri fermerlər arasında aqrar sığortaya inamın artırılması, təbii fəlakətlər və digər kənd təsərrüfatı riskləri nəticəsində yarana biləcək maliyyə itkilərinin minimuma endirilməsi üçün sığortanın əhəmiyyətini izah etmək olub.

"Liberal İqtisadçılar Mərkəzi" İctimai Birliyinin nümayəndələri Əlinəzərli kəndi və ətraf yaşayış məntəqələrində fəaliyyət göstərən fermerlərə, ailə-kəndli təsərrüfatı sahiblərinə və kənd təsərrüfatı ilə maraqlanan vətəndaşlara tədbirdə fəal iştirak etdiklərinə görə təşəkkür ediblər.

Xatırladaq ki, "Aqrar Sığorta – Güvənli Gələcək!" layihəsi 1 may–31 iyul 2026-cı il tarixlərini əhatə edir və layihə çərçivəsində Beyləqan rayonunun müxtəlif yaşayış məntəqələrində silsilə maarifləndirici tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Bununla yanaşı, layihə çərçivəsində fermerlərin operativ məlumatlandırılması məqsədilə 099 470 43 01 nömrəsi vasitəsilə mobil məsləhət xidməti fəaliyyətini davam etdirir. Fermerlər aqrar sığorta ilə bağlı suallarını bu nömrəyə ünvanlayaraq mütəxəssislərdən məsləhət ala bilərlər.

"Liberal İqtisadçılar Mərkəzi" İctimai Birliyi hesab edir ki, bu cür maarifləndirici tədbirlər fermerlərin aqrar sığorta sistemindən daha səmərəli istifadə etməsinə, kənd təsərrüfatında risklərin düzgün idarə olunmasına və dayanıqlı kənd təsərrüfatının inkişafına mühüm töhfə verəcək.

Əfsanə Rəcəb
"Cebheinfo.az"