Gənclər niyə sosial mediada məşhur olmaq İSTƏYİR?
Sosial mediada gənclərin məşhurlaşmaq istəyi nədən qaynaqlanır?
Əvvəllər gənclər seçdikləri ixtisas üzrə məşhurlaşırdılar və daha çox ona maraq göstərirdilər. Son dövrlərdə isə gənclər daha çox sosial şəbəkələrdə diqqət çəkmək istəyirlər.
Hətta gün ərzində vaxtlarının böyük hissəsini sosial şəbəkələrə həsr edirlər. Sosial şəbəkələrdə məşhurlaşmaq gənclərin, demək olar ki, həyatda əsas məqsədinə çevrilib.
Maraqlıdır, sosial şəbəkələrdə məşhurlaşmaq fikri gənclərin sonrakı iş həyatına necə təsir edir?
Sosioloq Hüseyn İbrahimov “Cebheinfo.az”-a bildirib ki, son illər gənclər arasında məşhurlaşmaq istəyi bütün dünyada artıb:

“Bu tendensiyanın getdikcə artmasını şərtləndirən bir çox amillər var. Sosial şəbəkələr, müxtəlif sürətli media platformaları qısa bir zamanda sadə bir işlə məşğul olan insanı cəmiyyət içərisində məşhur edə bilir.
Bəzən çox az əziyyətlə insan öz platformasını təqdim edərək uğur da qazana bilir. Məşhurlaşmaq anlayışı əvvəllər zamanla bağlı idi. İnsan yaşadığı zaman ərzində gördüyü işlərlə məşhurlaşırdı.
Yəni burada insan bəzən həm öz yaşadığı zamanın, həm də özündən sonrakı zamanın tanınmış şəxsi olurdu. Bu kimi amillər indiki vaxtda insanları düşündürmür.
Bu gün musiqi və digər sahələrdən olan məşhur insanlar tez vaxtda unudula da bilir. Çünki dünyada məşhurlaşan insanların sayı çoxdur. Buna da təsir edən əsas amil sosial şəbəkədir.
Gənclərin sosial şəbəkədə izlənmə sayını artırması və s. bunlar həm də onların həyatına bir reklam təsiri göstərir.
Çox zaman rast gəlirik ki, insanlar həyat fəaliyyətlərini və uğurlarını məhz süni intellekt vasitəsilə seçirlər, nəinki valideyn məsləhətilə.
Bütün bunlar indiki dünyanın reallıqlarıdır və demək olmaz ki, bu, insanların həyatına yalnız mənfi təsir göstərir. Burada müsbət amillər də çoxdur. Sosial şəbəkələrə bəzən “modadır” adı da verilir, amma moda özü daimi qalmır, keçici olur.
Məşhurlaşmaq istəyinə daha çox təsir edən idman, şou-biznes və xüsusən də musiqi sahəsində olan müxtəlif yönümlü informasiyalardır ki, bunlar gənclərin gündəlik həyatına daha interaktiv təsir edə bilir.
Təəssüflər olsun ki, “deviant davranışlar”ın (sosial gözləntilərə zidd olan hərəkətlər) da gənclər arasında məşhurlaşdığını görürük. Bütün zamanlarda insanların məşhur olmaq, öndə getmək istəyi pozitiv tendensiyalardır və bu kimi hallar ümumilikdə özünüinkişafı artıran amillərdir.
Ona görə də gənclər özlərini məşhurlaşma kimi amillərə kökləyən zaman oxşamaq istədikləri və yaxud da kim olmaq istədiklərinin fərqinə varmalı, bunun onlar üçün hansı mənəvi və maddi uğur gətirəcəyini də əvvəlcədən ətraflı araşdırmalıdırlar”.
Sosioloq qeyd edib ki, sosial şəbəkələrdə “deviant davranışı” yayan gənclərlə, müxtəlif qruplarla mübarizədə daha aktiv olunmalıdır.
Aişə Abdulova
“Cebheinfo.az”

