Mark Rutte: “Rusiya büdcəsinin yarısını müharibəyə xərcləyir”

Mark Rutte: “Rusiya büdcəsinin yarısını müharibəyə xərcləyir”

Ankaranın ev sahibliyi ilə keçirilən NATO-nun 36-cı Dövlət və Hökumət Başçıları Zirvəsi çərçivəsində təşkil olunan Müdafiə Sənayesi Forumunda çıxış edən NATO-nun Baş katibi Mark Rutte alyansın müdafiə potensialının gücləndirilməsinin vacibliyini vurğulayıb.

"Cebheinfo.az" xəbər verir ki, Rutte Rusiyanın müdafiə xərclərinin çatdığı səviyyəyə diqqət çəkib və NATO müttəfiqlərinin daha tez və əlaqələndirilmiş şəkildə hərəkət etmələrinin vacibliyini bildirib. 

O qeyd edib ki, Rusiyanın müdafiə xərclərinin sürətlə artması NATO ölkələri üçün ciddi xəbərdarlıqdır:

"Rusiya dövlət büdcəsinin yarısını müharibə maşınını qidalandırmağa sərf edir. Onun niyyəti bizimki qədər xoş deyil".

Baş katib bildirib ki, NATO-nun çəkindiricilik qabiliyyətini qoruyub saxlaması üçün müttəfiqlər daha sıx koordinasiya şəraitində fəaliyyət göstərməlidirlər.

Rutte NATO ölkələrinə müraciət edərək deyib:

"Biz birlikdə işləməliyik. Dövlətlər üzərlərinə düşən məsuliyyəti yerinə yetirməli, yeni razılaşmalar bağlamalıdırlar. İstehsal və satınalma imkanlarımızı artırmalıyıq".

Onun sözlərinə görə, bu çağırışlar NATO-nun müdafiə sənayesini genişləndirmək, birgə istehsalı sürətləndirmək və milyardlarla dollarlıq yeni müdafiə layihələrini həyata keçirmək məqsədləri ilə üst-üstə düşür.

Zirvə çərçivəsində yeni müşahidə təyyarələri, pilotsuz uçuş aparatları və tanker təyyarələri layihələrinin də elan olunduğu bildirilib.

Ankarada keçirilən zirvənin əsas müzakirə mövzuları sırasında müdafiə xərclərinin artırılması, müdafiə sənayesi istehsalının gücləndirilməsi və Rusiyanın yaratdığı təhlükəsizlik risklərinə qarşı birgə tədbirlərin görülməsi yer alır.

NATO rəhbərliyi müttəfiq ölkələri müdafiə investisiyalarını sürətləndirməyə və real istehsal gücü formalaşdırmağa çağırır.

Əfsanə 
"Cebheinfo.az"