“Valideyn himayəsindən məhrum qalmış uşaqlarla iş” layihəsinin altıncı təlimi

“Valideyn himayəsindən məhrum qalmış uşaqlarla iş” layihəsinin altıncı təlimi

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, "Kimsəsiz uşaqların sosial müdafiəsi" İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Valideyn himayəsindən məhrum qalmış uşaqlarla iş” layihəsi çərçivəsində növbəti təlim keçirilib.

Layihənin məqsədi valideyn himayəsindən məhrum qalmış yeniyetmələrin rəqəmsal savadlılığını artırmaq, onların informasiya texnologiyaları sahəsində bilik və bacarıqlarını inkişaf etdirmək, müasir rəqəmsal mühitə daha hazırlıqlı şəkildə inteqrasiya olunmalarına dəstək verməkdir.

Layihənin altıncı dərsi “E-mail öyrənmək” mövzusuna həsr olunub. Təlimin əsas məqsədi iştirakçılara elektron poçtun mahiyyətini izah etmək, e-mail hesabından düzgün istifadə qaydalarını öyrətmək və rəqəmsal ünsiyyət bacarıqlarını inkişaf etdirmək olub.
Təlim zamanı yeniyetmələr elektron poçtun nə olduğu, hansı məqsədlərlə istifadə edildiyi və gündəlik həyatda, təhsil prosesində, eləcə də gələcək əmək fəaliyyətində oynadığı mühüm rol barədə ətraflı məlumat əldə ediblər. Onlara e-mail ünvanının quruluşu, elektron poçt hesabının yaradılması, təhlükəsiz şifrə seçimi, gələn məktubların oxunması, yeni məktubun hazırlanması, mövzu hissəsinin düzgün yazılması, faylların əlavə olunması və məktubun göndərilməsi qaydaları praktik nümunələrlə izah edilib.

Uşaqlar müəllimin rəhbərliyi ilə elektron poçt hesablarından istifadə edərək bir-birlərinə sınaq məktubları göndəriblər. Onlar məktuba mətn yazmağı, şəkil və sənəd əlavə etməyi, göndərilən və daxil olan məktubları idarə etməyi öyrəniblər. Müəllim hər bir iştirakçı ilə fərdi şəkildə işləyərək onların suallarını cavablandırıb, elektron poçtdan istifadə zamanı diqqət yetirilməli məqamları izah edib və internet təhlükəsizliyi ilə bağlı vacib tövsiyələr verib.

"Valideyn himayəsindən məhrum qalmış uşaqlarla iş" layihəsi çərçivəsində həftədə üç dəfə Gəncə şəhərində yerləşən Sosial Xidmətlər Agentliyinin 4 saylı Uşaq Evi Sosial Xidmət Müəssisəsindəki yeniyetmələr üçün "Qızıl Əllər" Tədris Mərkəzində kompüter üzrə nəzəri və praktiki təlimlər davam etdirilir. Layihənin rəhbəri Lamiyə İsazadə, təlimçisi isə Sona Hüseynlidir.

"Cebheinfo.az"