“Xarici siyasətdə həmişə çoxtərəfliliyə üstünlük vermişik” - YENİLƏNİB

“Azərbaycan həmişə xarici siyasətində çoxtərəfliliyə üstünlük verən dövlət olub”.
"Cebheinfo.az" xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasında “Qlobal Cənubun yüksəlişi və Qərb: Azərbaycanın rolu, əməkdaşlıq və inkişaf üçün yeni imkanlar” mövzusunda müzakirədə bildirib.
Onun sözlərinə görə, bunun bir çox praktik nümunələri olub:
“Hazırda bu proses mürəkkəb dövrdən keçir, bir çox xarici təsir faktorları var. Ancaq buna rəğmən müəyyən proseslər, məsələn Bakıda keçirilən COP29 bir daha sübut edir ki, hələ də çoxtərəflilik işləri, beynəlxalq təşkilatların mövcudluğu, onların səmərəliliyi müəyyən qədər dövlətlərarası münasibətlərə müsbət təsir edir.
Qlobal Cənub həqiqətən də inkişafdadır. Dünya əhalisinin 85%-nin, qlobal ÜDM-nin isə 39%-nin cəmləşdiyi bu ölkələr hazırda həm iqtisadi, həm də siyasi trasformasiya dövründən keçir. Bunun nümunəsini bir neçə təşkilatda görmək olar. Böyük 20-lik adlandırılan təşkilat artıq Afrika ittifaqını tamhüquqlu üzv kimi qəbul edir. Bu, Afrikanın qitə olaraq artan nüfuzunun göstəricisidir.
BRİKS təşkilatı artıq daha da genişlənir. İlkin olaraq 5 dövlətdən ibarət formatda yaradılan təşkilata növbəti 4 yeni tamhüquqlu üzv qoşuldu. Bunların da yenə ikisi Afrika ölkəsi, digərləri isə İran və BƏƏ-dir. BRİKS artıq Qlobal Cənubun önəmli təmsilçilərindən birinə çevrilməkdədir”.
***
Yalçın Rəfiyev əlavə edib ki, gələn il Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının Zirvə görüşünə ev sahibliyi edəcək:
“Həmin vaxtdan etibarən 2 illik müddətdə Azərbaycan bu qurumun sədrlik funksiyalarını yerinə yetirəcək. Bu il İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə görüşü Azərbaycanda keçirilməlidir. Növbəti il üçün çox vacib digər tədbirlər var.
Göründüyü kimi, Azərbaycanın qlobal çoxtərəfliliyin mərkəzi rolunu oynaması funksiyası özünü praktiki müəyyən hadisələr, inkişaflarla da göstərir. Növbəti illərdə də bunun davamı olaraq sistemli şəkildə fəaliyyət aparılacaq”.
"Cebheinfo.az"